Uşaq bağçasında nəinki bir ağac, hətta bir kol yoxdur, amma kağız üzərində bağbanlar var…
Nə qədər yazmaq olar ki, Azərbaycan cəmiyyətinin və dövlətinin gələcəyi  uşaq bağçalarında, körpələr  evində  formalaşır.

Bəli, Azərbaycanın gələcək  vətəndaşları məhz  məktəbəqədər  təhsil müəssisələrində yetişir. Amma... 
Əmması odur ki, bu gün  Elm və Təhsil Nazirliyinin  yaydığı rəsmi məlumatı oxuyanda  adam dəhşətə gəlir. Nazirliyin  yaydığı rəsmi məlumatı olduğu kimi dərc edirik: “Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. 
Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 NƏFƏR  TƏRBİYƏÇİ -MÜƏLLİMDƏN  51%-nin ( 5800 NƏFƏR ) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ALİ  və ya ORTA İXTİSAS TƏHSİLİ YOXDUR. 
Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər”. 
Təsəvvür edirsiniz ölkənin gələcəyini  yetişdirən TƏRBİYƏÇİLƏRİN yarıdan çoxunun nəinki ali təhsili, heç orta təhsili də yoxdur. Söhbət  5-10 nəfərdən deyil ee,  51 faizdən, 5800 nəfərdən gedir. Belə olan halda bu ölkənin gələcəyini özünüz təsəvvür edin. Nazirliyin yaydığı  rəsmi məlumatda qeyd edilir ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. 
Deməli, kimlərsə  5800  dəfə Azərbaycan Respublikasının Qanununa …o məsələ… Bu dünyada analoqu olmayan haldır ee… 
Deməli, ortada 5800  cinayət əməli….rüşvət…var. Bax, buna  görə də uşaq bağçaları barədə hər gün oxuyuruq ki, uşaqlara qarşı zorakılıq var… Çünki tərbiyəçi özü tərbiyəsizdir…adi təhsili yoxdur… Yaxud oxuyuruq ki, uşaqlara ayrılan qida və ərzaq məhsulları haradasa satılır, uşaqlar düzgün qidalanmır. Bəs nə gözləyirdiniz..? 
Heç bir təhsili olmayan şəxs  uşaq bağçasında işə düzələ bilibsə, deməli rüşvət verib. Yaxud  uşaq bağçalarına ayrılan  dövlət vəsaitini mənimsəyiblər. Elm və Təhsil Nazirliyi öz rəsmi açıqlamasında bir vacib məqama toxunmur. Söhbət  uşaq bağçalarındakı, körpələr evindəki  yüzlərlə, bəlkədə minlərlə  “ölü canlardan”  gedir. 
Bəli, uşaq bağçalarında  5 tərbiyəçinin yerinə 2-si işləyir, qalan üçünün pulunu, əmək haqqını isə bağça müdiri alır. Yaxud  bağçada 10 nəfər dayə olmalıdır, amma 4-ü işləyir, 6-sı isə “ölü candır”. Bütün  bunlar hələ problemlərin cüzi bir hissəsidir. 
Bəs görəsən, Bakı Şəhəri üzrə  Təhsil İdarəsi ( müdir Mehriban Vəliyeva ) hara baxır..? Təhsil İdarəsində o boyda  MƏKTƏNƏQƏDƏR  TƏHSİLİN TƏŞKİLİ   SEKTORU var, müdiri var, əməkdaşları var…bunlar hara baxırlar..? İndi onların hara baxdığın  qeyd edək. 
Təsəvvür edirsiniz, binanın  1-ci mərtəbəsində məktəbəqədər  təhsil müəssisəsi yerləşir. Və onun həyətində nəinki bir ağac, hətta bir kol yoxdur. Amma kağız üzərində bir neçə  bağbanı var, bağbanlar hər ay guya maaş alır və. s. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Elgün və Rəşad adlı komissiya üzvləri var, gedib  yoxlasınlar. 
Bəli, binanın  birinci  mərtəbəsində yerləşən və 50-60 işçinin kağız  üzərində çalışdığı məktəbəqədər tədris müəssisəninin işdən sonra qapısını bağlayıb gedirlər. Amma  kağız üzərində 4 mühafizəçi var. 
Bütün bunlar  reallıqdır, bu dövlətin  vəsaitini mənimsəməkdir, bu cinayətdir. Biz bir media olaraq ictimai nəzarətin güclü olmasının tərəfindəyik. Bəs dövlət orqanları, müvafiq dövlət qurumları hara baxır..? Bax, əsas məsələ budur.