Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik zirvəsinə ucalan hərbçilərindən biri də gizir Quliyev Şəhriyar Nəsib oğludur.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə  Ağdam şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı giziri idi. O, Gürcüstanda və Türkiyədə xüsusi döyüş təlimləri keçib.
Şəhriyar 2016-cı il aprel döyüşlərində də iştirak edib. 27.09.2020-ci il tarixində başlayan Vətən Müharibəsində yenidən döyüşə atılan igidimiz Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşmüşdü.
Cəldliyinə, çevikliyinə və qorxmazlığına görə döyüş yoldaşları onu "Boz Qurd" adlandırırdılar. 150-yə yaxın erməni əsgər və zabitini məhv etdiyi bildirilir.
Sonuncu dəfə 23.10.2020 tarixdə Qubadlı istiqamətində gedən döyüşdə xüsusi döyüş tapşırığını yerinə yetirərkən düşmən sayca 3 dəfə çox olub və xüsusi muzdlulardan istifadə edib. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxarıb. Yenidən döyüş meydanına qayıdan zaman qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Şəhriyar Quliyev "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.