Sentyabrın 19-da idman insayderləri Kristian Falk və Fabrisio Romano Julian Naqelsmannın Almaniya millisinin yeni baş məşqçisi olacağını açıqlayıblar.
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbələrin məlumatına görə, Almaniya Futbol Federasiyası 36 yaşlı “Bavariya”nın keçmiş çalışdırıcısı ilə müqavilə imzalamağa yaxındır.


Sentyabrın 10-da Hans Flik istefaya göndərilib. 58 yaşlı mütəxəssis 2021-ci ilin avqustundan Almaniya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında alman futbolçular son 5 oyunun 4-də məğlub olublar.
36 yaşlı Naqelsmann 2023-cü ilin martında "Bavariya"nın baş məşqçisi vəzifəsindən qovulub. Turnir bu ölkədə keçiriləcəyi üçün Almaniya milli komandasının 2024-cü ildə keçiriləcək Avropa çempionatında iştirakına zəmanət verilir.
Daha əvvəl xəbər verilmişdi ki, Almaniya Futbol İttifaqı 2026-cı il dünya çempionatından əvvəl Naqelsmanna müqavilə təklif etməyi planlaşdırır.