"Rusiyanın Ermənistanın maraqlarına müdafiə edə bilməməsinin izahı sadədir: Rusiya daha qüdrətli imperiya deyil",- deyə analitik Saro Saroyan Ermənistan mətbuatına bildirib.
Analitikin fikrincə, Ermənistan cəmiyyəti Rusiyanın indiki halını qəbul etmək istəmir: "Rusiya daha əvvəlki deyil. Türkiyə hərbi qüvvələrinin Qafqazda hələ iyul ayında möhkəmlənməsi də bununla bağlıdır. 44 gün ərzində baş verənlər, sadəcə, Ankaranın hesablamalarının doğruluğunu təsdiqlədi. Rusiya sülhməramlılarının yerləşdirilməsi isə yalnız Rusiyanın imicini xilas etmək üçündür. Bununla Rusiya dünyaya göstərmək istəyir ki, guya regionda onun rolu və əhəmiyyəti azalmayıb. Amma reallıq fərqlidir".
Onun fikrincə, Rusiya ümid edirdi ki, sülhməramlıların yerləşdirilməsi vəziyyəti sabitləşdirəcək: "Amma burada da Moskvanın ehtimalları özünü doğrultmadı. Səbəbi odur ki, Türkiyə Rusiyanın onunla toqquşmadan çəkindiyini başa düşür. Ankara başa düşür ki, Rusiya Türkiyə ilə toqquşmadan yayınmaq üçün hər şeyə, o cümlədən Ermənistanı qurban verməyə hazırdır. Nəticədə Rusiya və Türkiyə arasında geopolitik alverdə biz xırda pula çevrilmişik. Rusiya Türkiyə ilə münasibətlərdə hətta nisbi sabitlik naminə hər şeyə razılaşacaq. Ərdoğan isə yaxşı başa düşür ki, artıq Rusiyanın gücsüz vaxtında onun əlindən tuta bilib və indi fürsət düşən kimi qolunu buracaq".
Analitik hesab edir ki, bütün bu illər ərzində öz təhlükəsizliklərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaqla fəlakətə düçar olublar: "Suveren qərarlar, məsuliyyəti tam olaraq öz üzərimizə götürməyimiz yeganə çıxış yoludur".  /Bizimyol.info