Dünyaca məşhur fransız modelyer Pyer Karden vəfat edib.
Bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 98 yaşlı modelyer Parisin yaxınlığındakı bir xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Pyer Karden 1922-ci ildə İtaliyanın San Byaco di Kallalta kommunasında anadan olub. 1945-ci ildə Parisdə modelyer kimi fəaliyyətə başlayıb. 1946-cı ildə həmin dövrün ən məhşur modelyerlərindən olan Kristian Diordan dəvət alıb. Bir müddət sonra, 1950-ci ildə şəxsi moda evini, 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açıb.
Onun dünyaca məhşur “Pierre Cardin” brendi altında məhsulların istehsalında 200 minə qədər insan çalışır. Firmanın illik gəliri təxminən 12 mlrd. dollar təşkil edir.