Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasına üzv dövlətlərin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokolu təsdiqləyib.

Bu barədə “Resmi gazete” məlumat yayıb.

Sənəd 2020-ci ilin noyabrın 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur.

Türkiyə lideri həmçinin sözügedən tarixdə imzalanmış daha bir sənədi - “Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”u da təsdiqləyib.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmiş və həmin qərar 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

3 oktyabr, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilmiş Türkdilli Dövlət Başçılarının IX Zirvə Görüşündə Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev Türk Dünyası üzrə tədqiqatlar aparan beynəlxalq tədqiqat mərkəzinin yaradılmasını təklif etmişdir.

28 may 2010-cu ildə Qazaxıstan Respublikasının paytaxtında Sülh və Barışıq Sarayında Türk Akademiyası təsis edilib.