Böyük Britaniya hakimiyyəti Ukraynada baş verən hadisələrə görə Rusiyadan daha 26 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
Xarici KİV xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov da “qara siyahı”ya daxil edilib.
Sanksiyalar siyahısında həmçinin Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan, Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski və Rusiya Federasiyasının Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Valeri Flustikov da olub.
Sanksiyaya məruz qalanların bütün aktivləri dondurulacaq və onların Böyük Britaniyaya girişi də qadağan ediləcək.
Həmçinin, Böyük Britaniya tərəfindən Kalaşnikov konserni, TsNIIMash, NITI im-a qarşı məhdudlaşdırıcı tədbirlər görülüb. 
"Bloomberg"in məlumatına görə, Rusiya oliqarxları və onların ətrafı, hərbçilər, eləcə də “dezinformasiya yaymaqla” məşğul olan şəxslər və təşkilatlar da məhdudiyyətlər altına düşə bilər.
Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına Ukraynada hərbi xüsusi əməliyyat başlamazdan əvvəl elan edilmiş məhdudiyyətlər nəzərə alınmaqla artıq 1300-dən çox insan, şirkət və banklar daxildir.