Rusiya müttəfiqləri və tərəfdaşları ilə hərbi təlimlərin davam etdirilməsinin tərəfdarıdır.
TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Ordu-2022” forumunun açılışında bildirib.
"Əvvəlki kimi, biz müttəfiqlərimizi və tərəfdaşlarımızı birgə komanda-qərargah və digər növ hərbi təlimlərdə iştirak etməyə dəvət edirik", - o deyib.
Putin qeyd edib ki, döyüş hazırlığının kompleks tapşırıqlarının hazırlanması hərbi vərdişlərin və hərbi komandanlığın keyfiyyətinin yüksəldilməsi, bölmə və birləşmələrin taktikasının və təşkilinin təkmilləşdirilməsi üçün vacibdir.
"Əminəm ki, geniş hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə, səylərimizi və potensialımızı birləşdirməklə biz həm ölkələrimiz, həm də bütün dünya üçün etibarlı təhlükəsizliyi və sabitliyi təmin edə biləcəyik. Ölkəmizin müxtəlif qitələrdə çoxlu müttəfiqləri, tərəfdaşları, rəğbət bəsləyənləri olmasını yüksək qiymətləndiririk. Onlar hegemon deyilən dövlətə boyun əyməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirirlər və təslim olmurlar”, - Putin bildirib.
O, bu dövlətlərin suveren, müstəqil inkişaf yolu seçdiklərini, qlobal və regional təhlükəsizlik problemlərini beynəlxalq hüquq normaları, qarşılıqlı məsuliyyət və qarşılıqlı maraqlar əsasında kollektiv şəkildə həll etmək istədiklərini vurğulayıb.