ABŞ prezidenti Co Bayden Pakistanın dünyanın ən təhlükəli ölkələrindən biri olduğunu bəyan etdikdən sonra qalmaqalın mərkəzinə çevrilib.
“Fox News” xəbər verir ki, bu bəyanatdan sonra ABŞ-ın Pakistandakı səfiri məyusluğunu və narahatlığını bildirmək üçün oktyabrın 15-də ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.
Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cauhar Səlim ABŞ-ın Pakistandakı səfiri Donald Bluma xəbərdarlıq edib.
“Pakistan məsuliyyətli nüvə dövlətidir. Onun nüvə proqramını qüsursuz idarə etməsi, dünya standartlarına və qabaqcıl beynəlxalq təcrübəyə sadiqliyi, o cümlədən MAQATE tərəfindən də geniş şəkildə tanınıb”, – deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Pakistanın baş naziri Şahbaz Şərif Twitter” səhifəsində yazıb:
“Pakistan məsuliyyətli nüvə ölkəsidir və biz fəxr edirik ki, nüvə aktivlərimiz MAQATE tələblərinə uyğun olaraq ən yaxşı təminatlara malikdir. Biz bu təhlükəsizlik tədbirlərinə çox ciddi yanaşırıq. Heç kimin şübhəsi olmasın”.