Müxtəlif fikir ayrılıqları səbəbiylə aylardır davam edən “Twitter”in satın alınma prosesi nəhayət tamamlanıb.
“Sözcü” xəbər verir ki, “Tesla” və “SpaceX”dən sonra indi də “Twitter”ə rəhbərlik edən İlon Maskın sözügedən sosial media platformu ilə bağlı yeni planları aydınlaşmağa başlayıb. Yayılan məlumatlara görə mavi işarə üçün aylıq ödəniş tələb olunacağı, tvitlərdə daha çox simvol sayına və daha uzun video paylaşmağa imkan veriləcəyi bildirilib.
Qeyd edək ki, indiyə qədər “Twitter”də hər bir tvit 280 simvolla, yüklənən hər bir video isə iki dəqiqə 20 saniyə ilə məhdudlaşıb.
Gözlənilən ən əhəmiyyətli dəyişiklik şübhəsiz ki, mavi işarədir. İlon Mask “Twitter”i satın aldıqdan sonra mühəndislərə yeni bir layihə verib. Layihəyə görə, təsdiqlənmiş istifadəçilərdən ayda 20 dollar tələb olunacaq.
Xatırladaq ki, İlon Mask 44 milyard dollara “Twitter”i satın almaq istəmiş, ancaq şirkətin bot hesablarının sayı ilə bağlı şəffaf olmadığını iddia edərək, satın alma prosesini çıxılmaz vəziyyətə salmışdı.