Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrandakı Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı Tehrana çağırış edib. 
Çavuşoğlu AZTV-yə açıqlamasında İranı terror hücumu ilə bağlı şəffaf araşdırma aparmağa çağırıb. 
"Qonşu İrandan gözləntimiz hücumun açıq şəkildə araşdırılması, bu istiqamətdə məlumatların Azərbaycanla palaşılmasıdır. Bu, əhəmiyyətlidir. Digər tərəfdən bu terror hücumunu həyata keçirən şəxsin arxasında hər hansı qrup və ya qruplar varsa, onların da ədalətə təslim edilməsi lazımdır. Qardaş Azərbaycana bir daha başsağlığı verir, şəhidimizə rəhmət, yaralılara şəfa diləyirik. Bir daha deyirik ki, Azərbaycan heç vaxt, heç yerdə tək deyil", - M.Çavuşoğlu vurğulayıb. 
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.