Hərbi-siyasi cəbhədə uduzan Ermənistan və onun baş naziri Nikol Paşinyan hər kəsdə günah axtarmaqda davam edir. 
“Qafqazinfo” xəbər verir ki, ancaq N. Paşinyan günahkarın özü olduğunu dilə gətirmək istəmir. Onun rəhbərlik etdiyi hakimiyyət və dövlət işğalçılıq siyasəti yürüdür. Paşinyan hakimiyyətə gəldikdən sonra apardığı yanlış siyasətin və Azərbaycan xalqına qarşı təhqiramiz davranışının acı nəticələrinin belə olacağını bilməli idi. Ermənistan ordusu bu gün cəbhədə müzəffər ordumuz qarşısında məğlub olur. Məğlubiyyət artdıqca isə baş nazir Nikol Paşinyanın diliylə dünya mediasına və beynəlxalq təşkilatlara yalan informasiyalar çatdırılır. Paşinyan məğlubiyyətinin məntiqi səbəbini xalqa açıqlamaq iqtidarında deyil. 
O bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə aşılamağa çalışır. Yalanlarını yalvararaq, minnətçi düşərək ayrı-ayrı ölkələrin başçılarına çatdırır. Bunları nüfuzlu media orqanlarına müsahibələrində təkrarlamaqdan usanmır.
N.Paşinyan guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistan ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir.
Ancaq bu günə kimi bu məsələlərlə bağlı ciddi bir rəy verilməyib. Çünki torpaqlarımızı işğaldan Azərbaycan əsgəri azad edir. Bunun əksinə isə hər gün nüfuzlu beynəxalq media qurumlarında Avropadan, Livandan, Suriyadan, Argentinadan muzdluların Ermənistan tərəfindən döyüşməsi barədə təkzibedilməz faktlar yayılır. Ona görə də bu cür sərsəm iddialar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur və o bu iddiaları faktlarla əsaslandıra bilmir. 
Bundan əlavə, Paşinyan dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır.
Məsələn, “Rossiya-1” kanalına müsahibəsində o, Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır.
O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir. 
“The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. 
Onun bu iddiaları özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. Davamlı olaraq Türkiyənin münaqişədə iştirakını təkrarlamaqla və bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş bacarığını, hərbi texnika, silah-sursat baxımından nə qədər zəngin olduğunu 38 gündür bütün dünya görməkdədir. Bütün parametrlər üzrə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? 
Məğlub Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə tandeminin “terroru” və “uzaqgedən planları” ilə şantaj edir. O hesab edir ki, bunlarla dünya liderlərini aldada bilər. Ancaq bütün bunlar onun haqqında sadəcə mənfi rəy yaradır. Artıq beynəlxalq ictimaiyyətdə onun haqqında siyasi təlxək təəssüratı formalaşıb.