Ukrayna Prezidenti Volodimir Zelenski 200-dən çox Rusiya və Belarus şirkətinə qarşı sanksiya tətbiq edib.
UNIAN xəbər verir ki, Zelenskinin fərmanına əsasən, alim və fabriklərin baş direktorları da daxil olmaqla 51 rusiyalıya, habelə Rusiya ilə əlaqəli 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.
Sanksiya siyahısına MTS və Rusiya Dəmir Yollarının strukturları, Belarus şirkətləri, o cümlədən Minsk Avtomobil Zavodu, S. İ. Vavilov adına Minsk Mexanika Zavodu, Vitebsk Radio Komponentləri Monolit Zavodu, Orşa Aviasiya Təmiri Zavodu daxil edilib.
Həmçinin Rusiyanın Elektrodetal Karaçevski zavodu, Sarapulski radio zavodu, Çelyabinsk Döymə və Pres zavodları da sanksiyalar altına salınıb.
Qeyd edək ki, Qərb dövlətləri də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdə davam edir. Bu yaxınlarda Böyük Britaniya Rusiya Federasiyasının enerji, metallurgiya, müdafiə, nəqliyyat və maliyyə sektorları ilə əlaqəli 86 nəfəri və təşkilatı əhatə edən yeni sanksiyalar paketi elan edib.
Bundan əlavə, Aİ 11-ci sanksiyalar paketində  Rusiyanın  artıq tətbiq edilmiş sanksiyalardan yan keçməsinin qarşısını almağı planlaşdırır.