“Sosial şəbəkələrin inkişafında olduqca maraqlıyam, çünki sosial şəbəkələr bugünkü həyatımızın mühüm tərkib hissəsidir. Hətta, mən bugünkü həyatımızı sosial şəbəkələrsiz belə təsəvvür edə bilmirəm”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat sosial şəbəkələrdə  üç kateqoriya insanların olduğunu qeyd edib: 

“Birinci kateqoriya insanlar xeyirxah əməllərlə məşğuldur, onlar fikir mübadiləsi edir, özlərinin baxış və düşüncələrini paylaşırlar. Eyni zamanda, onlar ancaq cəmiyyətə faydası olan informasiyaları paylaşır və bundan bizim ölkəmiz, cəmiyyətimiz udmuş olur. İkinci kateqoriya insanlar sosial şəbəkələrə bir əyləncə məkanı kimi baxır. Asudə vaxtının təşkili, dostluq, tanışlıq yaratmaq üçün bir vasitə kimi istifadə edirlər. Nəhayət, sosial şəbəkələrdə üçüncü kateqoriya insanlar var ki, onlar insanları gözdən salmaqla məşğuldurlar. Həmin şəxslər tanınmış insanlara şər-böhtan atmaqla kifayətlənməyərək, onların şərəf və ləyaqətini alçaldırlar, işgüzar nüfuzuna xələl gətirirlər. Onlara heç insan deməyə də  adamın dili gəlmir, onlar bir məxluq statusuna eniblər. Həmin şəxslər insanlara şər-böhtan atırlar, təhqir edirlər ki, bunlar da cinayət məcəlləmizin 147 və 148-ci maddələrində məhz cinayət əməli kimi qəbul edilib, lakin bu şəxslər törətdikləri əməllərə görə cəzasız qalırlar. Bax, mənim mübarizəm də bu tip insanlarladır. Parlamentdə çıxışımda da məsələni bu cür qoymuşam. Görünür ki, belə yanaşmam həmin o kateqoriyadan olan insanları narazı salır və onlar məni hədəfə alırlar. Şər, böhtan atırlar, adımdan informasiya yayırlar, altından təhqiredici fikirlər yazırlar və cəzasız da qalırlar. Ona görə də, bu gün sosial şəbəkə haqqında qanunun qəbul edilməsi zərurətə çevrilib”.

“Bu, ictimai sifarişdir və mütləq qəbul edilməlidir ki, belə insanlar necə ki, həyatda bu və ya digər şəxsi təhqir edən də, böhtan atanda cəzalanır, eləcə də virtual aləmdə eyni bədxah əmələ imza atanda cəzaya layiq görülsün. O ki, qaldı bütün bunların fonunda mən usanıram, bezirəmmi? Qətiyyən, əksinə belə hallarla üzləşəndə stimul alıram. İnanıram ki, düzgün yoldayam və həqiqəti paylaşıram, dövlətimə xidmət edirəm. Mən ölkə prezidenti cənab İlham Əliyevin ideyalarını təbliğ edirəm, təşviq edirəm, geniş ictimaiyyətə çatdırıram. Onun gördüyü nəhəng, böyük işləri təbliğ edirəm. Azərbaycanı sevməyən xaricdəki müəyyən siyasi dairələr və onların əlaltısı olan anti-milli ünsürlər, milli dönüklər üzbəüz mübarizə aparmaq gücündə, potensialında deyillər. Onlar sosial şəbəkədə klaviratura arxasında qəhrəmana çevrilirlər. Bir anlıq təsəvvür edin ki, sosial şəbəkənin əgər bir dəqiqə fəaliyyəti dayansa, onlar buxar kimi yoxa çıxacaqlar, sanki belə qruplaşmalar yoxdur. Bir daha qeyd edirəm ki, onların bütün fəaliyyəti Azərbaycanın inkişafının əleyhinədir və sona qədər də biz bu istiqamətdə hüquqi mübarizəmizi aparacağıq. Mütləq şəkildə belə qanunun qəbul edilməsinə nail olacağıq. Belə bir qanun Azərbaycanda sosial şəbəkələrin daha da inkişafına səbəb olacaq və bütün proseslərin hüquqi müstəvidə tənzimlənməsini şərtləndirəcək”- deyə, millət vəkili əlavə edib.