Nərimanov rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək yavarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından  içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. 
DİN-dən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar.  Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar. 
Qeyd edək ki,  saxlanılan şəxslərin etdikləri oğurluq  təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.