Bakıda azyaşlı qızlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.