Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.
İngiltərə Premyer Liqasında eyni saatda “Arsenal” “Bornmut”un, maksimum nəticə ilə lider olan “Mançester Siti” “Vulverhempton”un qonağı olacaq. Altı matçda cəmi doqquz xal toplaya bilən “Mançester Yunayted” “Kristal Pelas”ın müqavimətini qırmağa çalışacaq. Mərkəzi matç Londonda keçiriləcək. Dördüncü pillədə qərarlaşan “Tottenhem” ikinci olan “Liverpul”u qəbul edəcək.
Fransa Liqa 1-də son çempion PSJ “Klermon”un qonağı olacaq. Digər iddiaçılar - “Monako” və “Marsel” “knyazlıq klubu”nun meydanında üz-üzə gələcəklər.
Almaniya Bundesliqasında “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan Leverkuzen “Bayer”i autsayder “Maynts”ın qonağı olacaq. Son çempion “Bavariya” çətin “Leypziq” səfərinə yollanacaq.
İtaliya A Seriyasında altı matçda 11 xal toplayan “Napoli” və “Leççe” ikincilərin meydanında üz-üzə gələcəklər. İkinci pillədə qərarlaşan “Milan” mövsümə elə də yaxşı başlamayan “Latsio”nu qəbul edəcək. Milan şəhərinin digər təmsilçisi, lider “İnter” isə “Salernitana”nın qonağı olacaq.
İspaniya La Liqasında turun mərkəzi matçı baş tutacaq. Mövsümə iddialı başlayan və hazırda ikinci yerdə qərarlaşan “Jirona” üçüncü olan “Real Madrid”i qəbul edəcək.
Türkiyə Super Liqasında Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sivasspor”un qonağı olacaq. Son çempion “Qalatasaray” “Ankaragücü”nü sınağa çəkəcək.