Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının boksçusu Alfonso Dominges Bakıya qayıdıb.
Federasiyadan  verilən məlumata görə, idmançını Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, yaxınları və bokssevərlər qarşılayıblar.
81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Dominges buna sevindiyini bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarında da medal qazanması xoş hissdir: “Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi. Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.
Millinin baş məşqçisi Umberto Orta Dominges isə boksçuların Olimpiadadakı çıxışından danışıb. Domingesin üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis digər boksçuların medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb və yarışı 1 bürünc medalla bitirib.