Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
5-06-2020, 11:30
149

Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Azərbaycan 2018-ci ildən həyata keçirilən borclanmanın azaldılması siyasətini dəyişməyə məcbur olur. Maliyyə naziri Samir Şərifovun iki gün əvvəl verdiyi açıqlamaya görə, hökumət Asiya İnkişaf Bankı, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından irihəcmli kreditlər alacaq. Buna görə 2018-ci ilin avqustunda Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya dəyişiklik olunacaq.

Qeyd edək ki, strategiyada mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9,0 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyard ABŞ dollarınadək azalacağı nəzərdə tutulurdu. İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ildə kəskin artım olacaq. Bunun əsas səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1 milyard 250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.

Ölkə səviyyəsində prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 23,0 faiz olacağı, lakin dinamikanın sonradan azalan tendensiya üzrə davam edəcəyi gözlənilirdi. Belə ki, növbəti illərdə xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2021-ci ildə 19,5 faiz, 2025-ci ildə isə 12,0 faiz olacağı proqnozlaşdırılırdı.

Beləliklə, mövcud kreditlər üzrə nəzərdə tutulan vəsaitdən istifadə, eyni zamanda, prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə yeni borcalmalar 2019-cu ildə ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcu) ÜDM-ə nisbətinin artaraq 24,7 faiz olmasına gətirib çıxarsa da, “əlavə borcalmaların həyata keçirilməməsi və dövlət borcuna xidmət xərclərinin cəlb olunacaq vəsaitdən çox olması” nəticəsində dövlət borcu portfelinin həcminin azalacağı və 2020-ci ildə 10,7 milyard ABŞ dollarından 2025- ci ildə 7,7 milyard ABŞ dollarına çatdırılması təmin ediləcəyi proqnozlaşdırılırdı.

Bundan əlavə, daxili dövlət borcunun da artması gözlənilirdi. Belə ki, sənədə görə, daxili bazarın inkişafını təmin etmək məqsədilə daxili dövlət borcunun illər üzrə tədricən artması proqnozlaşdırılsa da, bu borcun hər il emissiya ediləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsi üzərinə ağır yük düşməyəcəkdir. Lakin bununla belə, məlum olduğu kimi, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə ümumi həcminin yuxarı həddi təqribən 10,0 milyard manat olan istiqrazların buraxılışını həyata keçirib və bu istiqrazlar üzrə əsas borc ödənişləri 2020-ci ildən etibarən başlayacaq. Strategiyada bu öhdəliklərə “Aqrarkredit” QSC tərəfindən xidmət ediləcəyi nəzərdə tutulub. Lakin cəmiyyət borca xidmət xərclərini ödəməyəcəyi təqdirdə, zaminlik şərti əsasında öhdəliklərə dövlət büdcəsindən xidmət edilməsi fiskal yükün artmasına gətirib çıxara bilər.

Göründüyü kimi, strategiyada qarşıya qoyulan hədəflərin bəzilərinə hökumət çatmışdı. Məsələn, xarici borcun ÜDM-ə nisbətinin ötən il 23 faizə çatacağı gözlənilsə də, faktiki olaraq bundan xeyli aşağı olub. Belə ki, Maliyyə Nazirliyinin rəsmi məlumatına görə, 1 yanvar 2020-ci ilə Azərbaycanın xarici dövlət borcu 9 milyard 91 milyon ABŞ dolları təşkil edib. Bu, 2019-cu il üzrə ümumi daxili məhsulun 18,9 faizi həcmində borc deməkdir.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, ilin sonuna borcun ümumi daxili məhsulda payı 20 faizi ötə bilər: “Bu il üçün ümumi dövlət borcuna xidmət xərclərinin məbləği 1 milyard 296,3 milyon ABŞ dolları olacaq. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir - ÜDM-in 17 faizi ətrafında və bu il üçün xarici dövlət borcunun təxminən 1 faiz azalması proqnozlaşdırılır. Lakin pandemiya dövründə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan prezidenti arasında aparılan videokonfranslarda əsas müzakirə mövzusu yenə də kreditlər olub. Dünən AİB-lə keçirilən konfransda İlham Əliyev bildirib ki, bu bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür.

Müzakirələrin gedişindən məlum olur ki, əvvəl verilmiş bəyanatların əksinə olaraq Azərbaycan hökuməti yenidən dövlətin xarici borclarını artırmağa çalışır. Bu gedişlə ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər. Belə çıxır ki, 2018-ci ildə qəbul olunmuş orta və uzun müddət üçün dövlət borcunun idarə edilməsinə dair strategiya özünü heç qısa müddətdə belə doğrultmadı".

İqtisadçı-ekspert Pərviz Heydərov isə bildirir ki, hazırda Azərbaycanın xarici dövlət borcu kifayət qədər aşağı həcmdədir və dünya üzrə böhranlı həddədn iki dəfəyə yaxın azdır: “Bu göstəriciyə görə biz inkişaf etmiş dövlətlərin bir çoxundan da yaxşı vəziyyətdəyik. Bildiyiniz kimi, xarici dövlət borcunun həddi ölkənin Ümumi Daxili Məhsulunun 30 faizini keçirsə, bu, artıq təhlükəli vəziyyət hesab olunur. Bir çox inkişaf etmiş ölkələrdə dövlət borcunun həcmi ÜDM-in 100 faizini çoxdan keçib. Amma bu, heç də o demək deyil ki, Azərbaycanı yüksək inkişaf etmiş böyük dövlətlərlə müqayisə etməliyik. Sadəcə, vəziyyəti çatdırıram ki, xarici borcumuz, xüsusilə valyuta ehtiyatlarımızın həcmi baxımından elə də yüksək həddə deyil. Bu baxımdan, bir sıra ölkə iqtisadiyyatı üçün vacib sahələrdə nəzərdə tutulan, vacib olan işlərin görülməsi üçün kreditlərin alınması, xarici borclanmanın ÜDM-in 22-23 faizinə qədər artırılması mümkündür. Müasir dünyada nə qədər ehtiyatların olsa belə borc alıb borc vermədən yaşamaq mümkün deyil. Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr belə bir çox hallarda vacib olan işləri borc hesabına görürlər”.

Ekspertin fikrincə, kredit alınarkən dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə ciddi nəzarət mexanizmi təmin olunmalıdır: “Azərbaycanda ”Azərsu", AZAL, Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Azərbaycan Dəmir Yolu QSC, “Azərenerji”, “Azərişıq” kimi çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar var. Bu qurumların çoxu aldıqları borcları qaytarmırlar, son nəticədə onların əvəzindən dövlət ödəniş edir borc sahiblərinə. Yalnız “Azərsu”nun dövlət zəmanəti ilə alınmış borcunun məbləği 970 milyon dollar təşkil edir. Azərbaycan Dəmir Yolu QSC-də bu məbləğ 900 milyon dollara yaxındır. Dövlət zəmanəti ilə kredit almış qurumların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində son illərdə bir sıra tədbirlər həyata keçirilsə də, təəssüf ki, vəziyyət çox da fərqli deyil hələ də. Xatırlayırsınızsa, prezident İlham Əliyev də bu problemdən danışaraq, dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırmışdı. Bütün bunlara görə hesab edirəm ki, belə qurumların dövlət zəmanəti ilə kredit almasını məhdudlaşdırmaq, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı onlar üzərində ciddi nəzarət formalaşdırılmalıdır. Bunu edərlərsə, alınan borclara həmin qurumların özlərinin xidmət göstərməsi təmin olunar və dövlətin üzərinə də ciddi ağırlıq düşməz".
“Yeni Müsavat”

Oxşar xəbərlər

Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
Novruz Məmmədov nazirləri topladı
Prezident yeni dövlət qurumu yaratdı
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? — Siyahı
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
MY transferlər üçün kredit götürdü - 140 milyon
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Ermənistan dövlət borcunu kəskin artırır - TƏCİLİ İCLAS
“Günay Sığorta”da yeni TƏYİNAT
Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Banklar faizləri endirirlər
ABŞ Rusiyaya sanksiya tətbiq edir, Rusiya isə hələ də dollar alır – Dollar niyə bu qədər cazibədardır?
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Əli Həsənov: "YAP uzun müddət hakimiyyətdə qalacaq"
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
"AccessBank" bağlanır?
"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Azərbaycan ATƏT PA-nın Büro iclasında təmsil olunub