Çağırışçının  sağ  gözü  1 FAİZ  görmür amma pul vermədiyi üçün orduya göndərilir…

Məlumdur ki,  bir neçə il  öncə  Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər  hərbi komissarlıqları ləğv edildi və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  ( SHXÇ ) yaradıldı. 
Üstəlik on illərlə fəaliyyət göstərən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ( keçmiş DOSAAF ) dəyəri  100  milyonlar  olan maddi-texniki bazası  yeni quruma verildi. 
Heç kim demədi ki, DOSAAF  dövlət qurumu deyil, könüllü yardım cəmiyyətidir. Yüz minlərlə insanın üzv olduğu  cəmiyyəti necə dövlət qurumuna  vermək olar..? 
Amma  PA-nın o zamankı rəhbəri Ramiz Mehdiyevin  sehrli əli məsələni həll etdi. 
Nə isə…keçək əsas məsələyə… 
Çoxları hesab edir ki,  SHXÇ  Dövlət Xidməti ancaq yaşı çatan gəncləri orduya çağırmaq üçündür. Əslində isə bu Dövlət Xidmətinin əsas işi gənclərin hərbi-vətənpərvərlik RUHUNDA TƏRBİYƏSİ, hərbi xidmətə çağırışaqədərki HAZIRLIĞI, xüsusi hərbi İXTİSASLAR üzrə hazırlığı və digər məsələlərdir. Hətta  qurum sürücülük  vəsiqələri də verir… 
Yəni qurumun işi  vətəndaşa “povestka”  verməklə bitmir. 
Bu qurumun hər rayonda  şöbəsi fəaliyyət göstərir. 
Biz  qurumun özündə  baş verən  korrupsiya halları ilə bağlı Gündəlik-Bakı olaraq kifayət qədər yazdığmız  üçün bu məsələ üzərində dayanmırıq. 
Əslində  qurumun rəhbərliyinin və müavinlərinin qanunsuz əməlləri barədə əlimizdə kifayət qədər məlumatlar var. 
Ancaq  bu yazıda  konkret olaraq qurumun Masallı rayon şöbəsində baş verən qanunsuzluqlardan bəhs etmək istəyirik. 
Bəli,  media üzərindən apardığımız  araşdırma zamanı  bəlli oldu ki, gənc  çağırışçıları  əsgəri xidmətə yola salan zaman  tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev  vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan söz açıb. Hər bir Azərbaycan əsgər və zabitinin hərbin sirlərinə dərindən yiyələnərək şəhidlərimizin qisasını almaq üçün çalışmalı olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin hazırda regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.
Gördünüzmü, Vəli Rzayev  necə vətənpərvərlikdən danışır. 
İndi isə keçək real faktlara və görək, əslində Vəli Rzayev kimdir..? 
Vəli Rzayevin  bir gözü görməyən vətəndaşı  sağlam adı ilə orduya göndərməsi barədə mediada çox yazılıb. 
Görəsən bunu dövlət orqanları oxumur, görmürlər..? 
Belə ki, Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağırılan qulluqçular, öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüflər olsun ki, Gündüzün məsələsində hər şey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra, onun sağ gözünün 0.01 % gördüyü məlum olmuşdur. 
Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni, bunun bir müalicəsi yoxdur!
İndi gördünüzmü,  1  faiz  görməyəni  orduya göndərirlər, amma yüzlərlə sağlam  çağırışçı  pulunu verib ordudan yayınır. 
Təsəvvür edin ki, həkimlər özü də təsdiq edir ki,  çağırışçının gözü  1 faiz görmür, amma rəsmi sənəd vermirlər,  rüşvət istəyirlər. 
Bu çağırışçı  vaxtilə Rusiyanın ən nüfuzlu  dövlət xəstəxanalarında müayinə olunub, əlində rəsmi sənədlər var, amma…
Əmması odur ki, Masallının  “voyenkomu”  Vəli Rzayev deyir ki, pulunu ver, təsdiq edim. 
Hətta, Vəli Rzayev  vətəndaşa deyir ki, get hara istəyirsən şikayət elə….
Eyni zamanda bu məsələ ilə bağlı vətəndaş  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci  Vitse-prezident Mehriban xanım  Əliyevaya  və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciət  etsə də  hamısı cavabsız qalıb.
Vətəndaş tələb edir ki, bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın!
P.S. Növbəti yazıda Masallı hərbi komissarlığının binasının necə və neçəyə təmir olunmasını araşdırmağa çalışacağıq. 
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Nənəsi erməni olanların nəzərinə:
Əgər “Gündəlik Bakı”nın pazın istəmirsinizsə kişi işlərinə qarışmayın.