ASC-nin  41 milyon borcu necə yaranıb..? 

Hesablama Palatası nə üçün qurumda yoxlama aparmır..? 
 


Məlumat üçün   qeyd edək ki,  “Azəristiliktəchizat”  ASC 2005-ci ildə  yaranıb və həmin vaxtdan,  7 fevral  2022-ci ilədək Yaşar Həsənov quruma rəhbərlik edib. 
Onu da qeyd edək ki, Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun ən yaxın adamı olub, yəni onun kadrı idi.
Bəli, Yaşar Həsənov vəzifədən gedəndə ASC-nin 41 milyon manat borcu var idi. 
Bu məbləğin 25 milyon manatı “Azəriqaz”a  olan borc idi. 
Ən dəhşətlisi odur ki, bu borcun böyük hissəsini dövlət ödəməli oldu. 
Bir soruşan olmadı ki, bu borcu niyə dövlət ödəməlidir..? 
Qoy Yaşar Həsənov oğlunun 300 min manatlıq avtomobilini, villasını satıb ödəsin də..
Qısa məlumat üçün qeyd edək ki, ASC Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.   
Görəsən, təmin edə bilirmi..? 
Bakıdakı binalarda isitmə mövsümü noyabrın 15-dən aprelin 15-dək olsa da, ancaq “Azəristiliktəchizat” ASC heç vaxt sakinləri stabil istiliklə təmin  edə bilmir. 
Gah qazanxana partlayr, gah turbalarda qəza baş verir. Bir sözlə bu qurum sakinlərə bütün qış mövsümü zülm edir. 
Onu da qeyd edək ki, qurum ASC olsa da səhmləri 100% dövlətə məxsusdur.
16 il ərzində  Yaşar Həsənov ASC-nin adından saxta tenderlər keçirərək milyonlara sahib olub. Və nəticədə ASC borc içərisində batır. 
Yəqin ki, çoxlarının yadında olar ki, ötən  qış  25 milyon qaz borcuna görə Azəriqaz ASC-yə qaz verməkdən imtina edirdi. Sonda dövlət məcbur olub borcu ödəmli oldu. 
Bəli, Yaşar Həsənov  bütün qanunları pozaraq  vergi borcu olan şirkətləri   tenderdə qalib elan edirdi. Ancaq məlumdur ki, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz. 
Bu ASC  barəsində ümumi  təsəvvür yaranması üçün qeyd edək ki, cəmiyyətin strukturuna “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22, regionlar üzrə 51 İstilik Sistemləri İstismar sahəsi daxildir.
Təsəvvür edirsiniz  ASC-nin hər bir rayonda  idarəsi fəaliyyət göstərir. 
Yəni kifayət qədər böyük qurumdur. Amma  bu qurum üzərinə düşən işi yerinə yetirə bilmir. 
Dövlət bu quruma nə qədər, neçə il dotasiya verməlidir..? 
Axı, ASC  hər bir ailədən, hər bir idarədən, müəssisədən verdiyi istiliyə görə pul alır. Bəs bu pullar hara gedir..? 
Əlbəttə, Yaşar Həsənovun  və onun qurumda çalışan qohumlarının cibinə. 
Və qış  mövsümü boyu  nəinki evlər, mənzillər, hətta uşaq bağçaları, məktəblər  istiliksiz  qalır, uşaqlar soyuqdan xəstələnir. 
Yaşar Həsənov və onun ətrafı isə isti kabinetlərdə buğlanırlar. 
Təsəvvür edirsiniz, ötən qış ölkədə fəaliyyət göstərn 554 qazanxanadan çoxu işlək vəziyyətdə deyildi. Amma Yaşar Həsənov  qazanxanaların təmiri adı altında milyonlarla dövlət vəsaitini kağız üzərində həzm-rabedən keçirmişdi. 
Yaşar Həsənov rahat şəkildə vəzifəsindən azad edildi. Ondan soruşan olmadı ki, 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə verdiyin  istiliyin qarşısında  aldığın pulların niyə hesabını vermirsən..? 
Görəsən o boyda Hesablama Palatası  niyə bircə dəfə bu qurumda yoxlama aparıb nəticələri ortaya qoymur..? 
İndi artıq  3 aydır ki, cənab Prezident  ASC-nin sədri vəzifəsini müvəqqəti olaraq  cənab İlham Mirzəyevə həvalə edib. 
Əlbəttə 3 ayda  ciddi dönüş yaratmağın çətin olduğunu biz də  anlayırıq. 
Amma bütün sakinlər istəyərdi ki, cənab İlham Mirzəyev  Yaşar Həsənovun yolu ilə getməsin və ASC-ni düşdüyü bataqlıqdan çıxartsın. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.