Şəhid atasına niyə torpaq verilmir...

Bəs Əmənullaya  Neftçalada  500 hektar necə verilib..? 


Hamımız deyirk ki, Qarabağ şəhidləri  başımızın tacıdır, ailələrinə qayğı göstərməliyik. 
Bu barədə dəfələrlə cənab Prezident İlham Əliyev məmurlara sərt formada tapşırıb. Amma təəssüf ki, bəzi məmurlar, icra başçıları şəhid ailələrinə etinasız  yanaşırlar. 
İndi oxuyacağınız  ürək ağrıdan  sözlər də şəhidin atasına məxsusdur.
Belə ki, Xüsusi Təyinatlı Qüvvələrin ( XTQ ) kəşfiyyatçı giziri, Qarabağ ordenli Manafov  Şahmar Vidadi oğlunun atası Manafov Vidadi  Əliqulu oğlu redaksiyamıza təşrif buyurub. 
Şəhid atasının müxbirimizə  dediklərini  olduğu kimi dərc edirik. 
Şəhid atasının dediklərinə görə, oğlu  Şuşa-Xocalı  cəhbəsində şəhid olub. Şəhidin atası  şəhid ailəsinə verilən evdən könüllü  imtina edib. Yeri gəlmişkən,  qəhrəman şəhidimizin anası da  dünyasını dəyişib. Bircə övlad  atası olan  Vidadi kişi  indi evində tək, tənha  yaşayır. 
Vidadi kişinin dediklərindən bəlli olur ki, bu günədək  oğlunun məzarının götürülməsinə, yanında bulaq tikilməsinə, abadlıq  və digər  işlərə görə iki bankdan 9600  manat kredit götürüb,  mağazalara isə  4000 manatdan artıq borcu var. 
Şəhidin atası bildirir ki, Neftçala icra hakimiyyətindən mənə nə lazımdır kömək edəcəyik, narahat olma, desələr də  indi kömək edən yoxdur. 
Qəhrəman şəhid atası 5 hektar torpaq götürüb əkib-becərmək istəsə də icra hakimiyyəti onun bu istəyinə mane olur. 
Şəhidin atası deyir ki, mənim oğlum bu torpaq uğrunda həlak olub, amma mən heç bir təmənnada deyiləm, ancaq bir onu demək istəyirəm ki, mənə 10 hektar torpaq vermirlər ki, əkib-becərim, başım qarışsın, vaxtım olmasın ki, nə isə düşünüm, bir dəqiqə boş qalan kimi dünya, aləm başıma fırlanır. Nə həyat yoldaşım var, nə oğlum! İndi mənim bu həyatda yaşamağım üçün yeganə çıxış yolum bu yaşımda ancaq və ancaq 24 saat işləmək, qazandıqlarımı isə xeyriyəçilik işlərinə sərf etməliyəm. Onda mən rahat olaram ki, qəhrəman şəhidimin ruhu şad olar. Mənim oğlumdan mənə Qarabağdan başqa heç bir yadigar qalmayıb. Bir ay idi ki evlənmişdir. Ancaq heç bir yadigarı qalmadı. İndi mən çıxış yolunu ancaq 24 saat işləməkdə, fiziki əməklə məşğul olmaqda görürüəm. Mən icra başçısı Mirhəsən Seyidova demirəm ki, gətir mənə pul ver, mənim ondan yeganə tələbim odur ki, mənə kəndimizdə 10 hektar torpaq sahəsi versin ki, əkim, becərim. Onu da vermir. Amma bizim kənddən olmayan Əmənulla Ələkbərova  500 hektar torpaq sahəsi veriblər, bu necə olur..? 
Məlumat üçün qeyd edək ki, Əmənulla  Ələkbərov 90-cı illərdə  kolxoz  sədri  olarkən  Neftçala  rayonun Cəngan kəndinin  torpaqlarında islahat aparılanda 500 hektar münbit torpağı ələ keçirib, uzun müddətli müqavilə adı altında. Əslində  həmin 500 hektar torpağın cəmi 100 hektarının sənədi var, qalan 400 hektarı qanunsuz ələ keçirib. 
Əmənulla təkcə  böyük torpaq sahələrini deyil, sovet dövründə  kolxoza məxsus olan fermaları da özününküləşdirib, örüş  yerlərini  zəbt edib. İndi kənd camaatı öz mal-qarasını otarmağa yer tapmır.      
Əmənulla o qədər artırıb ki, kəndin icra nümayəndəsi  Şahini başqa kənddən gətirib təyin etdirib, kəndin bələdiyyə sədri Elmanı seçdirib. Bir sözlə, kəndxudalıq edir. Şahin eyni zamanda  Əmənullanın biznesinə mühasiblik edir. 
İndi təsəvvür edirsiniz, kəndin 500 hektar torpağını zəbt edən Əmənulla həmin ərazidən şəhid atasına 10 hektar  torpaq sahəsi vermək istəmir, amma özü 500 hektarı qamarlayıb. 
Şəhidin atası deyir ki, onun övladının bu topraq uğrunda heç barmağı da qanamayıb, amma mən oğul itirmişəm...
Şəhidin atası  dəfələrlə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun  qəbulunda olsa da heç bir nətəcə olmayıb. 
Vidadi kişi deyir ki, icra başçısı və onun müavinləri mənə, “Əmi, yaxşı olacaq, darıxma”  deyərək  yola verirlər. 
Bütün bu ədalətsizlik və süründürməçilikdən bezən şəhid atası bu il  may ayının 20-də, saat 14-00-da Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda olub. 
Şəhid atasının dediyinə görə, Zeynal müəllim onu çox yüksək səviyyədə qəbul edib və  rayonun kuratoru Dəyanət müəllimi çağıraraq məsələni təcili araşdırmağı tapşırıb. 
Dəyanət  müəllim 10 dəqiqədən sonra gələrək məruzə edib ki, icra başçısı ilə danışdım, sahibkar Əmənulla da razıdır, gəlsin torpağı verək. 
Amma təəssüf ki, rayonun icra başçısı Mirhəsən Seyidov hətta rəhbərliyin də göstərişini saymayıb. 
Bütün bunlar azmış kimi, icra hakimiyyəti ən çirkin yola əl ataraq  şəhid ailələrini üz-üzə  qoyur. 
Belə ki, icra hakimiyyəti  tərəfindən “təmin” olunan bəzi şəhid valideynləri Vidadi kişinin üzərinə gələrək deyirlər ki, bu işdən əl çək. 
Şəhid atası onu da qeyd etdi ki, icra başçısı  Mirhəsən Seyidov  rayon camaatını yaxşı tanımır, onu müavini Bürcəli  idarə edir. 
Söhbətimizin sonunda şəhid atasının dedikləri bizi lap sarsıtdı. 
Onun dediklərinə görə, icra hakimiyyəti  Prezident Administaraiyasına hesabat göndərib ki, şəhid Şahmar Mənafovun hüzr məclisinə  “ 10 kilo kartof, 5 kilo soğan, 5 paçka salfetka, 3 kilo yağ göndərmişik”. 
Sözün düzü, Vidadi kişinin bu son sözlərindən sonra yazmağa söz tapmadıq. 
Düşünürük ki, yazının dərcindən sonra müvafiq dövlət qurumları  lazımi  addımı atacaqlar.

P.S. Hörmətli Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, biz QHT rəhbərləri və jurnalist təşkilatları olaraq Füzuli rayonuna əsgərlərlə görüşə gedəndə, şəxsən bizə xahiş edirdin ki, sizdən sonra deyin mənə də söz versinlər. Biz onu etdik. Sənə həmişə doğma yanaşdıq. Ön xətdə getməməyin üçün bizə xahiş etdin. Səni aparmadıq, dedik ki, çox gəncsən. Eybi yox, böyüyər xalqımız üçün gərəkli övlad olar. Axı, sənin getməyə cəsarət etmədiyin yerlərdə şəhid olanların hüquqlarını pozmağa sənin ixtiyarın yoxdur. Bir dostumuz kimi səndən xahiş edirik ki, şəhidin atasına hörmətlə yanaşın, onun istəklərinə müsbət münasibət sərgiləyin. İmkan verin şəhidimizin RUHU rahat olsun. AXI O BU GÜN SAĞ OLSAYDI ONUN ATASI VİDADİ KİŞİNİN SƏNDƏN HEÇ BİR TƏLƏBİ OLMAZDI. BÜTÜN NEFTÇALA CAMAATI BİLİR Kİ, VİDADİ KİŞİNİN ŞƏHİD QƏHRƏMANI SAĞ OLANDA ONUN HEÇ NƏYƏ EHTİYACI OLMAYIB, HEÇ KİMDƏN HEÇ NƏ UMMAYIB. VERİN ONUN İSTƏDİYİNİ!!!