Emin Əhədovu ölümcül döyərək, qollarını sındıran şəxsləri kimlər müdafiə edir?
         (2- ci yazı)  
Zülmə və zorakılığa qarşı dirənmək özünü insan adlandıran hər kəsin borcudur. Azacıq pul və sərvət görəndə vəhşi xislətini biruzə verənləri cəzasız buraxmaq olmaz. Çünki, bu tip fərdlər ətraf mühitə mütləq ziyan vurur, özlərinin keçmişini unudur, cılız və miskin xislətlərini gizlətməyə çalışırlar.  Hamıya xainlik edir və xoflu olurlar.  Güclülər qarşısında mütilik göstərib, hətta, onların ayaqqabılarını  silməyi özlərinə şərəf bilirlər.
Masallı şəhər sakini 1- ci qrup əlil Emin Əhədovun 29 may 2022- ci ildə qonşuları Spartak və Azər Nadirovlar tərəfindən vəhşicəsinə döyülərək qollarının və qabırğalarının sındırılması barədə ötən yazımızda  xəbər vermişdik. Hadisənin təfərrüatı ilə bağlı yeni məlumatlar öyrəndik.
Emin Əhədovun atası Əhəd Əhədov hələ 1992 - 94 cü illərdə o zamankı hakimiyyət orqanlarına ərizə ilə  müraciət edib babasından miras qalmış evin ailələrinə qaytarılmasını xahiş etmişdir.  Həmin ev 1930- cu illərdə Şura hökuməti tərəfindən müsadirə olunaraq dövlətin istifadəsinə verilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra Şura hakimiyyətinin müsadirə etdiyi daşınmaz əmlakların varislərə qaytarılması prosesi başladıqda Əhəd Əhədov da babasının mirasına sahib çıxmaq istəyib.  Lakin Masallı rayon İcra Hakimiyyətinin keçmiş Başçısı Teymur Yəhyayev onun müraciətinin baxılmasına imkan verməyib. O zaman həmin tikilidən rayon  maliyyə şöbəsinin binası kimi istifadə olunub. Sonra isə bina İHB- nın Masallı şəhər ərazi nümayəndəliyinin istifadəsinə verilib. Əhəd Əhədovun ali hakimiyyət orqanlarına etdiyi müraciətlərinə illərlə baxılmayıb. Daha doğrusu,  İHB - ları şəxsi maraqlarına görə vətəndaşın  qanuni tələbinin təmin olunmasına imkan verməmişlər. Hətta camaat deyir ki, fevral ayında Masallı rayon İH-nin Başçısı binanı Əhəd Əhədovun  qohumu və qonşusu "iş adamı" Abı Nadirova 70 min ABŞ  dolları məbləğində pula satmışdır. Alış - verişin aradüzəldənləri İcra Hakimiyyəti Başçısının 1- ci müavini Məmmədhüseyn Hüseynov və İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Abas Abasov olmuşlar. Abı Nadirov "hacı " olduğundan Şahin Məmmədov onunla yaxşı bazarlıq edib. Satılan bina Abı Nadirovun  kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqzadənin adına sənədləşdirilib (Laçın Sadıqzadə 1 ilə yaxındır ki, dələduzluğa və digər cinayət əməllərinə görə DTX -i tərəfindən həbs olunaraq barəsində cinayət işi açılıb. O,  Penitensiar Xidmətin Kürdəxanıdakı İstintaq Təcridxanasında saxlanılır). 
Binanın qanunsuz alqı- satqısından sonra Əhəd  Əhədov ali hakimiyyət orqanlarına müraciət edərək şikayətini bildirib. Şahin Məmmədov məsuliyyətdən yayınmaq üçün İHB -nın Masallı şəhər  ərazisi üzrə sabiq  nümayəndəsi Kamal Mazanovu təqsirləndirərək onu vəzifəsindən azad edib və "günahkarın" cəzalanması barədə Prezident Adminstrasiyasına məlumat verib. Problem isə həll olunmayıb. Şahin Məmmədovun göstərişiylə Əhəd Əhədovun  Masallı Mənzil Kommunal Təsərrüfat  Birliyindən işdən çıxarılmasına start verilib. Abı Nadirovun mobil telefonların satışı ilə məşğul  olan  oğlu  Azər Nadirov İcra Hakimiyyəti Başçısının tapşırığıyla  Əhəd Əhədov barəsində dövlət orqanlarına əsassız şikayət teleqramları göndərib. İcra Başçısının 1- ci müavini Məmmədhüseyn Hüseynov isə 30 mart 2021- ci il tarixli M - 02 - 528 saylı məktub  imzalayaraq "yüksək peşəkarlıqla" Əhəd Əhədovu "dövləti cinayətlərdə" ittiham edən Azər Nadirovun şikayətinə baxılmasını  Mənzil Kommunal Təsərrüfat   Birliyinin keçmiş rəisi Nazim Bağırova həvalə edib. Dövləti cinayətlərin araşdırılmasının Masallı nümünəsini də Şahin Məmmədov və  Məmmədhüseyn Hüseynov gündəmə gətiriblər. Nəhayət, 6 may 2021- ci ildə Əhəd Əhədov MKTB- də daşıdığı şöbə müdiri vəzifəsindən azad olunub. Maraqlıdır ki, MKTB -nin sabiq rəisi Nazim Muradov 6 may 2021- ci ildə özü də işdən azad edilməsi barədə İHB- sı Şahin Məmmədova ərizə yazıb.  Əhəd Əhədov işdən qanunsuz çıxarılmasıyla bağlı məhkəməyə  müraciət edib. Lakin Şahin Məmmədovun Masallı rayon  Məhkəməsinə göstərdiyi təzyiq nəticəsində onun iddiası təmin olunmayıb. Şirvan Appelyasiya Məhkəməsində də eyni ssenari üzrə  qərar qəbul edilib. Onun şikayəti  hal -hazırda Ali Məhkəmənin icraatındadır. Deyilənlərə görə Əhəd Əhədovun işdən çıxarılmasına görə Hacı Abı Nadirov Şahin Məmmədovdan dəfələrlə xahiş edib. Beləliklə, qanunu  və Prezident sərəncamlarını  tamahına qurban verən Şahin Məmmədov iki ailə arasında "kin və ədavət ocağı" yandırıb. Onun İH -də çalışan mirzələri isə  mətbuat yayımı idarəsinin sabiq  müdiri, Məmmədhüseyn Hüseynovun dostu Əbülfəz Nuriyevlə bazarlıq edərək İHB -nın Masallı şəhər ərazisi üzrə nümayəndəsi vəzifəsinə təyin etdiriblər. Məmmədhüseyn Hüseynov bütün oyunlarda "ağıllı müavin" rolunda çıxış edib. Əhsən sənə,  Məmmədhüseyn! 
Qeyd- şərtsiz demək olar ki, Emin Əhədovun  Spartak və Azər Nadirovlar tərəfindən vəhşicəsinə döyülərək ağır xəsarətlər almasının mənəvi məsuliyyəti ilk növbədə tamahına sahib çıxa bilməyən Şahin Məmmədovun, Məmmədhüseyn Hüseynovun və Abas Mikayılovun üzərinə düşür. Emin Əhədov məhz satılmış bina ilə  bağlı mübahisəyə görə döyülüb.
Maraqlıdır ki, rayon Polis şöbəsində baş verən hadisə ilə bağlı susqunluq hökm sürür.  
Guya 2 - ci məhkəmə -tibbi ekspertiza rəyini gözləyirlər. Əslində isə Spartak və Azər Nadirovların  bu günə kimi cəzasız qalmalarının səbəbini Hacı Abı Nadirovun Masallı rayon İHB -nın sabiq 1 -ci müavini Hacı Nadir Abıyevlə quda olmasında axtarsaq yanılmarıq.  Digər tərəfdən Şahin Məmmədov və Məmmədhüseyn Hüseynov "kabadayı" qardaşları müdafiə  edirlər. Maraqlar birləşdiyinə görə Polis şöbəsinin rəisi  Azay Ağayev rahat nəfəs alır  və qardaşların cəzalanması üçün zəruri hüquqi tədbirlərin həyata keçirilməsini yubadır. Həm də unutmaq olmaz ki, Spartak və Azər Nadirovlar  qanunsiz işlərinə görə aylıqları vaxtında verdikləri üçün asayiş keşikçilərinin yanında "hörmət" qazanıblar. Məhəllə "razborkaları," narkotik vasitələtin yayılmasına nəzarət, pul mübahisələrinə görə sələm almaq qardaşların əsas peşələridir. Qardaşlar Polis şöbəsinin rəisi Azay Ağayevlə,  sahə əməliyyat müvəkkilləri Nəsimi Ağayevlə, Elvin Muradovla, Xəzərlə (İTB -nin rəisi) sıcaq münasibətdə olduqlarını gizlətmirlər.
Şəhid atası, Viləş kənd sakini Cəbrayıl Bəyəliyev, Emin Əhədovun döyülməsiylə bağlı söhbətin nə vaxt aradan qaldıracağı ilə maraqlandı. O, maraqlanır ki, Spartak və Azər Nadirovlar barəsində niyə tədbir görülmür? Lətifəsi Cəbrayil kişidən iraq,  el arasında deyilir ki, "ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər, doyunca yeyərsən".  Masallıda vəzifəli şəxslərin qanunsuz əməl və hərəkətləri dözülməz şərait yaradıb.  İmkansız və kasıb insanların hüquqlarına hörmət edilmir. Bu xususat özünü rayon İH -də və hüquq mühafizə orqanlarında qabarıq şəkildə biruzə verir.