Qızılhacılı qəsəbəsinin sosial problemlərinə niyə biganə yanaşılır?

Goranboy rayon Qəzılhacılı qəsəbəsinin sakini, 1948 -ci ildə anadan olmuş, 2 -ci qrup əlil (320418 saylı vəsiqə) Musayev Eldar Cabbar oğlu 300 - dən  çox ailənin yaşadığı ərazidə süni surətdə yaradılan su qıtlığından şikayətçidir. Eldar Musayev bildirir ki, qəsəbə sakinləri içməli suyun  6 kub metrinə 25 manat ödəyib alırlar. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri payıbəlli torpaq sahələrində min bir əziyyətlə pambıq əkib - becərirlər. Lakin su qıtlığından pambıq sahələri yanır.  İsti yay aylarında bilərəkdən su borularını təmir edirlər. Təmir işlərini qış və yaz fəsllərində niyə görmürlər? Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur.  Qəsəbədə yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması barəsində şikayət olunan məmurlara həvalə olunur. Özbaşınalıq, dərəbəylik baş alıb gedir. 
Eldar Musayev bildirir ki, Goranboy rayon İHB - sı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial duruma görə bilavasitə məsuliyyət daşıyır. 13 may 2020 - ildə mən və qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu rayon  İH -nə gedib qəsəbədəki su və digər sosial problemlər barəsində şikayətimizi bildirmək üçün onun qəbuluna yazıldıq. Lakin Məhərrəm Quliyevin o zamankı 1 - ci müavini Ceyhun Həsənov  və digər 2 şəxs bizi 1 -ci mərtəbədə bir otağa salıb kötəklədilər. Sonra da asayişi pozmaq adı ilə məni 70 manat cərimə etdilər, Arzu Verdiyevə isə 10 sutka inzibati cəza verildi. Məhərrəm Quliyev və ətrafı  bir neçə ildir ki, şikayətlərimizin ali dövlət orqanları tərəfindən araşdırılmasına imkan vermir. Zorakılıqdan da çəkinmirlər. Qəsəbə sakinlərinin çoxu şərdən - böhtandan qorxub səslərini çıxartmırlar. 
Eldar Musayev daha sonra onların yaşadıqları ərazidə 4 artezian quyusunun olduğunu bildirir. Lakin 06/983 saylı artezian quyusunun zəif işlədiyini, 351 saylı artezian quyusunun isə kabellərinin 1 aydan çoxdur ki, kəsilib oğurlandığını diqqətə çatdırır. Onun fikrincə, Goranboy rayon İH - nin və  Qızılhacılı qəsəbəsinin məmurları, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən  su qıtlığı yaradıb, qazanc bazarı açıblar. Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hər yerdə deyir ki, Meliorasiya və Su Təsərrüfatı ASC - nin sədri Zaur Mikayılovun da, İHB -sı Məhərrəm Quliyevin də həmin "bazar"dan xəbəri var və onların da özlərinə məxsus payları var. Qızılhacılı qəsəbəsinin sakinləri isə əkdikləri pambıq sahələrini suvarmaq üçün ilan kimi  dəridən - qabıqdan çıxırlar. Zəhmətləri batır. İlqar Musayev soruşur ki,  şikayətimizi  kimə deyək,  dərdimizə çarə qılınsın?!
Mövzunu diqqətdə saxlayacağıq. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.