Masallı rayonu Cənub bölgəsində dövlət məmurlarının sosial ədalət anlayışına etinasızlıqla yanaşdıqları ən həssas məntəqəyə  çevrilib. İnsan hüquqlarının davamlı olaraq pozulması barədə rayon sakinlərinin illərlə ali hakimiyyət orqanlarına etdikləri şikayətlərə yuxarılardan müsbət münasibət bildirilsə də, aşağılarda baxılmamış saxlanılmış, sadəcə olaraq şikayətçilərə bir parça kağızda mahiyyəti araşdırılmayan  cavablar verilmişdir. Hüquq mühafizə orqanlarında, xüsusilə, rayon Polis şöbəsində,  əhalinin pensiya təminatı ilə bağlı rayon Mərkəzi Xəstəxanasının həkim -ekspert komissiyasında,  Əhalinin Sosial Müdafiə Fondunda, Təhsil şöbəsində, Viləş Su Ambarı İstismarı İdarəsində, Mənzil - Kommunal Təsərrüfatı Birliyində, Regional Kənd Təsərrüfatı İdarəsində,  Regional Meşə Təsərrüfatı İdarəsində və digər təşkilatlarda yaşanan dərəbəylik və haqsızlıqlar sakinləri uzun müddətdir ki, narahat edir. İcra Hakimiyyətinin Başçıları uzun müddətdən bəri yaxın ətrafları ilə birlikdə rayonun sosial - iqtisadi inkişafına çalışmaq və problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirləri həyata keçirtmək əvəzinə, daha ağır nəticələrə səbəb olan əyintiləri miras qoymuşlar. İcra hakimiyyəti orqanlarında yüksək vəzifəli bəzi məmurların ələbaxımlılığı rayondakı sosial - iqtisadi problemlərin ort - basdır edilməsinə rəvac verib. Əhalini daha çox  narahat edən işsizliklə bağlı problemin aradan qaldırılmamasıdır. Rayonun sosial  iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsindən ötrü  ayrılan büdcə vəsaitlərinin İcra Hakimiyyəti Başçıları və onların göstərişlərini canla-başla yerinə yetirən işçiləri    tərəfindən mənimsənilməsi,  törədilən  korrupsiya cinayətlərinin ört- basdır edilməsi və iqtisadi cinayətkarlığa münbit məkan yaradılması, qanunsuz gəlirlərlə varlanan imtiyazlı təbəqənin meydana çıxması, rayonda sosial problemlərin yaranmasına zəmin yaradıb. Günlərini bazar və çayxanalarda keçirən əmək qabiliyyətli sakinlər yoxsulluqdan əziyyət çəkir, ailələrinin maddi ehtiyaclarını ödəyə bilmirlər. Xüsusilə, gənclər maddi sıxıntılar məngənəsində boğulurlar. Maddi ehtiyaclara görə ailə qura bilmirlər. Boşanmaların sayı artıb və onların mənşəyində sosial problemlər  dayanır. Gənclərin təsir altına düşənləri  maddi ehtiyaclardan qurtulmaqdan ötrü narkotik vasitələrin alqı - satqısına qurşanırlar.
Masallıda bu gün əhalinin " qul bazarı"  kimi tanıdığı günəmuzd iş  və məşğulluq məkanı var. Əməyini  uyğun məvacib qarşılığında günəmuzd işlərdə  satan fəhlə və ustalar öz aralarında nizam - intizam yarada biliblər. Amma, Məşğulluq İdarəsində növbəyə dursalar da işləməyə uyğun yer tapa bilmirlər. Çünki, "EMBAWOOD" mebel fabriki istisna olmaqla, digər sənaye - istehsal  müəssisələri yoxdur. Orta və kiçik sahibkarlığın inkişafına  isə məmurlar müxtəlif maneələr yaradırlar. Büdcə vəsaitlərini sanki talayıb mənimsəyən İHB- rı rayonun bəzi sosial problemlərini sahibkarların və iş adamlarının ianələri hesabına həll etməyə çalışırlar. Dövlət idarə və təşkilatlarında ələbaxımlılıq sanki qanuniləşib. İnsanları bezdirən bəzi məmurlar rayonda cinayətkarlığın intişar etməsinə, kriminal mühitin yaranmasına, bəzi şəxslərin cəzasız qalmalarına şərait yaradıb. Əhali arasında danışıldığına görə  rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin bəzi əməkdaşları kriminal şəxslərlə işbirliyinə girərək iş adamlarını və sahibkarları basqı altında saxlayırlar. Onlar rayonda narkotiklərin qanunsuz dövriyyəsindən daha çox qazanc götürürlər. Yuxarıda sadalanan əyintilər  keçmiş İHB -sı Rafil Hüseynovun  Masallıya rəhbərlik etdiyi dönəmdə yüksək səviyyəyə çatıb, 2019 -cu  ildə talançılıqda peşəkarlığı ilə seçilən qohumu Şahin Məmmədov onu əvəzləyərək törədilən iqtisadi cinayətlər və böyük  həcmli korrupsiya  faktları barədə Hüquq Mühafizə Orqanlarında toplanan materialların təhqiqatının "dondurulması"na nail olub. Masallının sosial - iqtisadi inkişafının buzu  isə ərimək bilmir.
  Bəzi sakinlərin söylədiyinə görə  Şahin Məmmədov Masallıda işlədiyi müddətdə rüşvətə aludəliyi ilə nəzərə çarpıb.  Rayonda çalışan  məmurlar və tanınmış iş adamları barəsində  kompromatlar toplamaq onun sevimli peşəsinə çevrilib. Ona bu sahədə 1- ci müavini Məmmədhüseyn Hüseynli və bəzi şəxslər xüsusi xidmətlər göstəriblər. Amma,  göstərdikləri xidmətə  görə pul qazanıblar. Vəzifələrə təyinat Məmmədhüseynin "laboratoriyasında" müayinələr aparıldıqdan sonra icra olunub. Bəzi jurnalistlərin Şahin Məmmədovla və Məmmədhüseyn Hüseynli ilə "işbirliyi" haqqında araşdırmalar aparılsa, bir çox qaranlıq məsələlərin üstü açılar. Əhali arasında danışılır ki, rayondan Milli Məclisə seçilən deputatların sayəsində  Şahin Məmmədov  abrını  qoruya bilib. İlahi, gör, 230 mindən çox əhalisi olan Masallını  kimlər idarə edib?!  Ən maraqlısı budur ki, aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli məmurları rayon sakinlərinin şikayətlərinə illərlə göstərdikləri münasibətə və biganəliyə görə cənab Prezidentimiz qarşısında hesabat  verəcəklərmi?! Yaşayarıq, görərik.

P.S Biz faktları göstərdik, araşdırılması isə Hüquq Mühafizə Orqanlarının işidir.