Uşaqların oynadığı  həyətyanı sahədə ölüm hadisəsi baş versə, buna kim cavab verəcək..?   

FHN, Yasamal icra hakimiyyəti  “Məhsul”  stadionunun yerində  bina tikənləri görmür..?    

Mənə İmişlili Mürşüd deyərlər, mənim qarşımda heç kim dayana bilməz... 

““Bizim Ev” MTK Yasamalda sakinlərə işgəncə verir..”  başlıqlı  ötən yazımızda  şirkətin apardığı tikinti prosesində  heç bir təhlükəsizlik  qaydalarına əməl olunmadığı haqda  bəhs etmişdik. Ümumiyyətlə, tikinti bumu  deyilən  məsələ demək olar ki, neçə illərdir ki, cəmiyyətdə, mediada, hətta hakimiyyətin  ən üst qatlarında  ciddi müzakirə olunur. Amma etiraf etməliyik ki, ortada ciddi nəticə yoxdur. Necə deyərlər, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır. Biz bir media qurumu olaraq  tikinti biznesinin əleyhinə deyilik. Amma onu qeyd etməyə məcburuq ki, bu qanunsuz tikintilərin çoxunun arxasında  məmurlar dayanıır. Adamdan soruşarlar ki,  görəsən məmur maaşı ilə bu boyda binalar necə tikilir..? Əlbəttə, heç kimə sirr deyil ki, rüşvət və korrupsiya yolu ilə qazanılmış  milyonlar  tikinti   bumunun  əsasını təşkil edir. Deməli,  tikinti bumunun arxasında rüşvətxor və korrupsionerlər dayanır. Biz media olaraq “Bizim Ev” MTK-nın arxasında hansı məmurun dayandığını araşdırmaq fikrində deyilik. Bizi maraqlandıran odur ki,  bu MTK vətəndaşlara  niyə bu qədər işgəncə verir..? Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək ki, sivil ölkələrin çoxunda  SƏS-KÜY-lə bağlı  ayrıca qanunlar var. Çünki SƏS-KÜY insanlarda bir çox xəstəliklərin səbəbidir. Bizdə isə  MTK-lar gecə-gündüz, ilin bütün fəslində yaratdığı səs-küylə sakinlərin əsəblərini korlayır, onlara dəhşətli stress  yaşadır, nevroz həddinə çatdırır.  Yazıq vətəndaşlar haralara şikayət  etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında  məmurlar dayanır. MTK-lar  təkcə səs-küy mənbəyi deyil, həm də… Birincisi, tikinti bumu kifayət qədər yaşıllıqları məhv edir. İkincisi, tikilən binalar, obyektlər  tikinti normalarına  cavab vermir. Təkcə bir faktı yada salaq. 
Bir neçə il əvvəl  Binəqədidə tikinti materialı səbəbindən 16 mərtəbəli bina bütünlüklə yandı, 16 nəfər öldü, 60 nəfər yaralandı. Nəticədə binanın təsisçisi, sahibi 8 il həbs cəzası aldı, amma 3 ildən sonra azadlığa çıxdı, hətta müsadirə olunan əmlakını qaytara bildi. Həmin şəxs lap 100 il həbsdə olsaydı nəsə dəyişəcəkdimi, günahsız ölənlərdən bircəsi diriləcəkdimi..? Əlbəttə, yox. Sözümüzün canı odur ki, heç bir tikinti, ekoloji, təhlükəsizlik  normalarına cavab verməyən binalar gələcəkdə  ciddi fəsada çevrililəcəklər. Biz hələ bu binaların  arasındakı məsafələrin heç bir normaya uyğun gəlmədiyini və digər neqativ halları təkrarlamaq istəmirik. Bütün yazılanlara, deyilənlərə, ictimai müzakirələrə, hətta dövlət başçısının dəfələrlə bu problemi sərt şəkildə tənqid etməsinə baxmayaraq, tikinti mafiyası öz əməllərindən bircə addım da geri çəkilmir. 
Haqqında bəhs etdiyimiz  “Bizim Ev” MTK barəsində Yasamal  rayon sakinlərindən daha bir şikayət redaksiyamıza daxil olub. Sakinlər bildirir ki, son günlər küləkli  havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini  nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta  beton palçığı  həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki  tikinti poliqonudur. Bir daha qeyd etmək istəyirik ki, biz kiminsə tikinti aparmasının əleyhinə deyilik. Amma… Əmması odur ki, kimlərsə bina tikib milyonlar qazanacaq, sakinlər niyə  işgəncə çəkməlidir. Ətrafa yayılan  daş, çınqıl  həyətdə oynayan uşaqların iraq olsun ölümünə səbəb olsa, buna kim cavab verəcəkdir..? Ətrafdakı  yaşıllıqları  məhv edəndə niyə bir dövlət qurumunun səsi çıxmadı..? Ümumiyyətlə, Yasamal rayonu yaşıllıqların məhv edilməsinə görə  birinci yerdə gedir. Bütün bunlar azmış kimi  tikintinin aparıldığı ərazi “Məhsul” idman  stadionunun bir hissəsi, daha dəqiq desək, soyunub-geyinmə  sahəsidir. 
Birincisi, dövlət başçısı idmanın inkişafını  prioritet  elan edib, bu məmurlar isə  idman stadionunun ərazisini satırlar. Düzdür, sonradan  stadionu satanlar həbs olunsalar da, ərazini alıb bina tikənlər öz işlərini tələm-tələsik, hətta küləkli havalarda da  davam etdirirlər. Sanki bunları qovan var, sanki harasa tələsirlər. Və bütün bu baş verənlərin  fonunda nə Fövqəladə Hallar Nazirliyinin, nə Yasamal icra hakimiyyətinin, nə də digər səlahiyyətli qurumun səsi çıxmır. Müvafiq qurumların tədbir görməsi üçün MTK-nın Tikinti obyektinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məghəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət  ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK  lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024
P.S. Bu bina tikən İmişlili Mürşüd kimdirsə o heç kimi saymır, amma beton, taxta qırıqları, daş, qaya, kubik parçaları həyətə töküldükcə camaat bir ağızdan ağır söyüşlər söyür. Buyurun, qəbul edin deyirlər.