Şəhid İsmayıl Mehdiyevin anası Natəvan Mircəfərova:” Gülsarə ilə Vüsalə mənə deyir ki, oğlunun ağlı var idisə, döyüşməyəydi...” 

İndi haqqında bəhs edəcəyimiz şəhidimiz, Azərbaycan Ordusunun əsgəri  İsmayıl David oğlu Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayıl Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 12 dekabr 2020-ci ildə nəşi tapılmış və İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 
Məlumat üçün qeyd edək ki, Mehdiyev İsmayıl Davud oğlu 2002-ci il yanvarın 23-ü Bakıda doğulsa da, əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindəndir, evin tək övladı olub. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 
27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüşə yollanıb. Bəli, məhz bu məqama  diqqət yetirməliyik. 18-19 yaşlı İsmayıl  kursant olduğu üçün döyüşlərdə iştirak etməyə bilərdi. Amma... Bəli, çoxları bilməsə də bilənlər bilir ki, İsmayıl təkcə Zəngilanda deyil, bütün Azərbaycanda böyük  nüfuz sahibi olan Seyid  Həsən Ağanın nəticəsi, yəni şərəfli bir nəsilin övladıdır. Bir az dəqiqləşdirmək üçün qeyd edək ki, Seyid Həsən Ağanın oğlu Seyidəlinin qızı  Natəvan xanım  İsmayılın anasıdır. 
Bəli, Natəvan xanım ürək dağlayan videosunda deyir ki, 18-19 yaşlı oğluma  toy edə bilmədim, arzularım ürəyimdə qaldı, amma torpaqlarımız azad oldu... 
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, sonra Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə,  “Vətənə xidmətə görə" ordeni ilə  təltif edilmişdir. İsmayıl Mehdiyevin  bu xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 
Redaksiyamıza telefon açan şəhidimizin anası  Natəvan Mircəfərova  bildirdi ki, cənab Prezidentimiz ailəmizə  yüksək şəraiti olan mənzil verib, 11 min manat pul verib, başqa yardımlar da olub. Natəvan  xanım dövlətimizdən və Prezidentimizdən çox razı olduğunu dönə-dönə vurğuladı. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova, Dövlət Qaçqınlar Komitəsinin sədri Rövşən Rizayevə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə və ona dəstək olan bütün şəxslərə minnətdarlığını bildirdi. 
Və sonda qeyd etdi ki, bütün ölkə  27 sentyabr Anım Gününü qeyd etdiyi zaman Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova və vaxtilə onun köməkçisi olan, hazırda vəkillik edən Vüsalə adlı birisi onu  belə bir gündə məhkəməyə çağırıblar. Şəhid anası oğlunun məzarını ziyarət etməyə getsin, yoxsa  Gülsarə ilə Vüsalənin qəbuluna..? 
Sözümüzün canı odur ki, bu bir insanlıq məsələsidir. Məgər  Gülsarə, yaxud Vüsalə bilmir ki, Natəvan xanım Seyid Həsən Ağa kimi nüfuzlu bir şəxsin nəvəsi və üstəlik şəhid anasıdır..? 
Şəhid anasını ANIM Günündə qəbula çağırmaq və məhkəmədə sorğu-sual etmək nə dövlət məmuruna, nə vəkilə, nə də kimsəyə başucalığı gətirməz. Bu iki özünü xanım hesab edən şəxs şəhid  anasına deyir ki, oğlunun ağlı var idisə, döyüşməyəydi... 
Bu bir daha onu göstərir ki, Gülsarə kimilərin bizim millətimizə  heç bir dəxli yoxdur. Natəvan xanım müraciətində yana-yana deyir ki, Gülsarə və Vüsalənin bu hərəkətləri birbaşa cənab Prezidentimizin siyasətinə qarşı yönəlib..? 
Biz bir media qurumu olaraq ümid edirik ki, Natəvan xanımın bu fəryadı dövlət qurumlarına yetişəcək və Gülsarə-Vüsalə cütlüyü  layiq olduğu cəzanı alacaqlar.

                                                                SabahNews.az