Hörmətli jurnalistlər və kütləvi informasiya vasitələrinin nümayəndələri!
    Uzun müddətdir ki, barəmdə yayılan məlumatlarla əlaqədar bildirirəm ki, Camalova Aliyə mənim qızım Sara ilə hələ məktəbəhazırlıq dövründən bir sinifdə oxuyublar, çox mehriban və səmimi rəfiqə olmaqla bir birilərinə bacı münasibəti bəsləyiblər. Həmin münasibət bu gün də davam etməkdədir. 
    Baş vermiş olay adi məişət zəminində valideyn-övlad münasibətləri prizmasında cərəyan etmiş, bir valideyn-ana olaraq mən əsəblərimi cilovlaya bilməyərək hər iki qız uşağını, həm öz qızımı, həm də Aliyə qızımızı danlayaraq cəzalandırmışam. Mən Aliyəni də öz doğma balam hesab edərək, onu da qızımla birlikdə tənbeh etmişəm. 
    Hal-hazırda baş vermiş bu olaydan çox üzgünəm, iki yetkinlik yaşına çatmayan qız uşaqlarının adının belə bir hadisədə hallanması məni çox peşman etmişdir.
    Mən bu peşmançılığımı Aliyənin valideynlərinə də bəyan etmişəm və biz artıq tam barışmışıq. Aramızda olan bütün anlaşılmamazlıqlar Aliyənin ailəsi tərəfindən heç bir təmənna güdülmədən, maddi qarşılıq olmadan aradan qaldırılmışdır. 
    Bir daha bəyan edirəm ki, Aliyə Camalova ziyalı ailənin övladı olmaqla yüksək tərbiyə və əxlaqa malikdir.
Mən Aliyə Camalovanın ailəsi, o cümlədən, anası, xalaları, nənəsinə bir daha baş vermiş olaydan üzgün olduğumu bəyan edirəm və baş vermiş hadisəni anlayışla qəbul etdiklərinə görə öz minnətdarlığımı bildirirəm.
    İki yetkinlik yaşına çatmayan qız uşağının gələcək taleyi məni çox narahat edir. Odur ki, hörmətli jurnalistlər və kütləvi informasiya vasitələrinin nümayəndələrindən baş vermiş hadisəni anlayışla qəbul edərək bir məmur kimi deyil, bir ana kimi məni anlamalarını və bu mövzu üzrə bütün anlaşılmamazlıqlara son qoyulmasını xahiş edirəm.
Hörmətlə, 
Rəsilə Arifqızı