Rəcəb müəllimin bu ÖRNƏYİ  başqa məmurlara da DƏRS olmalıdır… 

Rəhmətlik Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla  cəmiyyət düzəlsəydi, Sədi Şirazinin və Hafiz  Şirazinin  100 min beytlik əsərləri İran camaatını çoxdan ağ  günə çıxartmışdı. Böyük mütəfəkkir əlavə edir ki, cəmiyyətə moizələr deyil, NÜMUNƏLƏR lazımdır. 
Bəli,  insan boş sözlərə deyil, konkret olaraq müsbət nümunələrə, örnəklərə daha çox üstünlük verir. 
Təəssüf ki, Azərbaycanda  istər məmur olsun, istər molla-din xadimi olsun, istər məhkəmə hakimi olsun və s. bizdə müsbət nümunələr çox azdır. Bu bir cəmiyyət olaraq  yaxşı  hal deyil. Məsələn, biznesmen, iş adamı deyəndə orta azərbaycanlının ağlında ancaq müftəxor, haram pul qazanan, başqalarının haqqını yeyən və s obraz  canlanır. Amma biz unuduruq ki, bizim tariximizdə  Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi, kasıblara yardım edən, qız məktəbləri açan  iş adamı, biznesmen olub. Yaxud  son  illər əlinə qələm alan  düşür müəllimlərin üstünə, müəllimləri gözdən salmaqla məşğul olur. Bu çox qorxulu tendensiyadır. 
Yeri gəlmişkən, internatda-uşaq evində böyüyən kişi tanışlarımdan  biri and içir ki, müəlliməmiz bizi çimizdirir, dırnaqlarımızı tutur, bizə doğma ana qədər qayğı  göstərirdi. Belə nümunələrin, örnəklərin sayını kifayət qədər artıra  bilərik. Amma müdriklər deyib ki, dənizin dadını bilmək üçün bir  damcı da kifayətdir. Bir daha qeyd edirik ki, cəmiyyətdə hər şeyi qaralamaq, hər şeyin üstündən xətt  çəkmək millətin gələcəyinə vurulan ağır zərbədir. Belə çıxır ki, millətimizin içərisində  xeyirxah, vicdanlı, millətinə və dövlətinə bağlı məmur, vəzifə sahibi yoxdur. Belə yanaşma yol verilməzdir. Əlbəttə, biz bir media olaraq  boş yerə kimlərisə vəsf etməyin, məddahlığın əleyhinəyik və sağlam tənqidin  cəmiyyət və dövlət üçün əhəmiyyətini gözəl anlayırıq və təqdir edirik. Amma  qan çıxmayan yeri qaşımaq kimi, yəni tənqid xatirinə tənqid, yaxud şər-böhtan  dolu tənqid kimə lazımdır..? 
Son illərdə  xeyli sayda məmurun, icra başçılarının, hətta nazir və nazir müavinlərinin həbs olunması özü də cəmiyyətin sağlamşaldırılması  üçün  atılan  ciddi addımdır. Unutmaq lazım deyil ki, cəmiyyət  yaxşıya mükafat, pisə cəza verilməsi üzərində dayanır. 
Bəli, sözümüzün canı odur ki, insanların, o cümlədən məmurların müsbət işlərini, xeyirxah əməllərini qiymətləndirmək, dəyər vermək, hətta  tərfiləmək  özü də müsbət haldır. 
Söhbət ucuz, bayağı tərifdən getmir ee, insanın layiq olduğu qiymətdən gedir. İndi haqqında müsbət mənada bəhs edəcəyimiz, Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov barəsində müxtəlif zamanlarda sağlam tənqidi yazılar da dərc etmişik. Ancaq  bu gün eşitdiyimiz və bizi duyğulandıran hadisə barəsində də yazmaq bizim bir qələm əhli olaraq borcumuzdur. Oxuculara məlumat üçün qeyd edək ki, uzun illər müxtəlif dövlət qurumlarında bacarıqla çalışan Rəcəb Babaşova Prezident İlham Əliyev cənabları yüksək etimad göstərərək  onu Qazax Rayon İcra hakimiyyətinə başçı təyin edib. 
Onu da qeyd edək ki, Qazax rayonu öz xüsusiyyətlərinə, eyni zamanda 30 ildir vuruşduğumuz düşmən Ermənistanla sərhəd olmasına görə, problemli məkandır. Bəli, cənab Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq  Rəcəb Babaşovu Qazağa  rəhbər vəzifəyə təyin edib. Rəcəb Babaşov isə təyin olunduğu ilk gündən ilk sözü bu olub: “Qazax rayonu da daxil olmaqla bütün regionlarda əldə olunan iqtisadi yüksəliş, məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş uzaqgörən siyasətin və möhtərəm Prezidentin atdığı addımlar nəticəsində əldə olunmaqdadır”. 
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatların apardığı sorğunun nəticəsi olaraq  cənab Rəcəb Babaşov “İlin icra başçısı” mükafatına layiq görülüb. Bütün mükafatlardan üstünü isə elin-obanın verdiyi qiymətdir. Qazax camaatı həmişə  icra başçısı Rəcəb Babaşova güvənib, ona inanıb, ona hörmət və ehtiramla yanaşıb. 
Bəli, Rəcəb Babaşovun Qazağa rəhbərlik etdiyi illər rayonun həyatında yeni mərhələdir. Bu illər ərzində Rəcəb Babaşov rayonda mənəvi ab-havanı qorumağa, adət-ənənələrimizi  qorumağa çalışıb və buna nail olub. Rayonda sözün həqiqi mənasında iqtisadi yüksəliş olub. Bu illər ərzində Rəcəb Babaşov hər bir şəhid ailəsinə, Qarabağ veteranına, qazilərə, onların ailələrinə ən yaxın sirdaş, simsar olub. İndi haqqında bəhs edəcəyimiz olay isə deyə bilərik ki, bənzərsizdir və gözəl nümunədir. 
Belə ki, redaksiyamıza daxil olan məlumata görə, oktyabrın 5-də  Rəcəb Babaşov Bakı şəhərində oğluna toy edib. Allah bütün övladları xoşbəxt eləsin. Bəli, toy məclisində vəzifəli şəxslər də, imkanlı adamlar da iştirak edib, ancaq məclisin  fəxri qonaqları ölkənin hər yerindən olan şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları olub. Və məclisdə  hamıdan öncə şəhid ailələrinə, qazilərə, veteranlara söz verilib, onlar ürək sözlərini deyiblər. Bax, Rəcəb müəllimin bu nümunəvi hərəkəti başqa məmurlara da bir DƏRS, ÖRNƏK olmalıdır. Qoy, Qarabağ qazisinə, şəhid atasına kəllə atan, onları hətta qəbul etməyən icra başçıları, məsələn, Zərdabın icra başçısı Mərdan Camalov, Sabirabadın icra başçısı Siraqəddin Cabbarov və başqaları  Rəcəb müəllimin bu müdrik addımından özləri üçün nəticə çıxartsınlar. 
Rəcəb müəllim hər yerdə  deyir ki, biz məmurlar Prezidentimizin buyurduğu kimi, xalqın xidmətçiləriyik.
P.S Biz bu yazını şəhid ailələrinə, Qarabağ qazilərinə və müharibə veteranlarına qoyulan yüksək hörmətə görə yazdıq. 
                                                       Sabahnews.az