Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı zamanı cəzasız qalan, hətta gizləndiyi deyilən daha bir şəxsin – “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun adı çəkilirdi. Əlbəttə, “Karqo Şamil” ilə R.Mehdiyevin dostluğu və şərikliyi barədə dəfələrlə müxtəlif məlumatlar yayılıbdı. Təbii ki, onlar dost olmasaydı Şamil Heydərov “Karqo Şamil” də ola bilməzdi. Daha dəqiq desək, R.Mehdiyev başqa halda ona bu qədər milyonları tək qazanmağa yaşıl işıq yandırmazdı. Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi olan Şamil Heydərov toya qatılaraq olduqca bahalı hədiyyə də təqdim etmişdi. Mətbuatda tənqid edilən zaman hədələri, təzyiqləri işə salan “Karqo Şamil” bu günə qədər havadarlarının köməyi ilə onlarla mətbuat nümayəndələrini ya məhkəməyə verib, ya da müxtəlif yollarla susdurubdu.
Ramiz Mehdiyevdən sonra özünə başqa havadar tapan – “Karqo Şamil”in biznesi təkcə gömrük, yükdaşıma ilə bitmir. Böyük tikinti biznesinə malik olan bu şəxsin ölkəyə gətirdiyi tikinti avadanlıqlarının bəyənnaməsiz olaraq gömrükdən keçirməsi də heç kimə sirr olmayıb. Onun yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlükləri, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar. Bu binaların gələcək taleyi hələ də sual altındadır. Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər, Bakının Binəqədi şossesi, məşhur “Zəngəzur” restoranı yaxınlığında “Technoline-k” MMC adlı şüşə və plasmas istehsalı zavodu və həmin ərazidə hektarlarla torpaq sahəsi… “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binalar… Bu tikintilərə Abşeron rayonunun Saray qəsəbəsində tikilən yaşayış kompleksini də əlavə etmək lazımdı.
Aktualxeber.az-a daxil olan məlumata görə ipoteka ilə ucuz qiymətə satmaq fırıldağıyla 600 manata satılmalı olan evləri Haqverdi adlı şəriki və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Təchizat departamentinin direktoru Həbib Məsimovla birgə 1250 manata sənədləşdirən Şamil Heydərovun müxtəlif maxinasiyalarla milyonlarla manat gəlir əldə etdiyi deyilir. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs cavab verməlidir və dövlətə ziyan vuran şəxslər də əlaqədar orqanlar tərəfindən mütləq cəzalandırılmalıdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //Aktualxeber.az//