Azərbaycanda  xidmət-servis mədəniyyətinin acınacaqlı durumda olması ilə bağlı mövzuya keçməzdən öncə dahi Mustafa Kamal Paşa Atatürkdən bir maraqlı məsələni yada salaq. 
Deməli, İngiltərə kralı Eduardın Türkiyə səfəri zamanı Atatürkün onun şərəfinə verdiyi ziyafətdə bütün xidmətçilər türklərdən ibarət idi. Ziyafət əsnasında servis göstərən türk ofisiant müvazinətini itirərək yıxılır. Atatürk üzünü krala tutaraq, “Mən xalqıma hər şeyi öyrətdim, ancaq başqalarına xidmət etməyi öyrədə bilmədim” - deyir. Əlbəttə, zarafatla, yumorla deyilmiş  bu  sözlərdə həqiqət payı da  az deyil. Sözümüzün canı odur ki,  son on illərdə Azərbaycanda  restoranların, kafelərin, otellərin sayı durmadan artır. 
Amma  gəlin etiraf edək ki, ictimai-iaşə müəssisələrində, istirahət mərkəzlərimizdə  xidmətin səviyyəsi  lazım olan qədər deyil. Bir məsələni anlamalıyıq ki, xidmət mədəniyyəti milli mədəniyyətin vacib  sahəsidir. Axı, biz müstəqillik əldə etməklə həm də geniş dünyaya bir millət və cəmiyyət olaraq açıldıq. Bizim xidmət mədəniyyətimiz də millətimizin adına layiq olmalıdır. Bu məqamda Yaponiyanın Azərbaycandakı səfirinin Quba, Qusar zonasına səfəri yadıma düşür. Səfir deyir ki, yolda maşını saxlayıb qoyun otaran çobandan ingiliscə  soruşduq. Və çobanın ingilis dilində bizə səlis, mükəmməl və nəzakətli cavabı bizi şoka saldı. Səfir əlavə edir ki, çoban bizə ingilis dilində yol və region barədə müfəssəl məlumat verdi və biz azərbaycan xalqının mədəniyyətinə heyran olduq. 
Düzdür, Yaponiyanın səfiri  kənddə qoyun otaran çobanın ingilis dili müəllimi olduğunu bilməyib. Nə isə, sözümüzün canı odur ki, xidmət mədəniyyəti adi bir söz soruşmaqdan başlayır  və davam edir. Bizim restoran, kafe, şadlıq saraylarında, otellərdə çalışan insanlarımız ancaq və ancaq müştərinin cibinə gözünü dikir, özlərini az qala küçə dilənçisi kimi aparırlar. 
Biz başa düşürük ki, insanların maddi durumlarında problem var, maddi sıxıntılar və s. Amma bütün bunlara rəğmən, başa düşməlisən ki, sənin hər hansı bir hərəkətin millətə aşağılıq gətirir. Açıq etiraf edək ki, hətta küçələrimizdə, metro çıxış və girişlərindəki  dilənçilərimiz də millətə rüsvayçılıq gətirir. Axı, müstəqil dövlət olaraq hər gün ölkəmizə nə qədər əcnəbi şəxslər gəlir. Bütün bunları da bir kənara qoysaq, lap özümüz üçün də bu yaxşı hal deyil. Söhbət təkcə sıravi xidmətçilərdən, ofisiantlardan  getmir ee... Restoran müdirləri də az qala  müştəriyə “şikar” kimi baxır, onun cibini kəsməyə hazır dayanıblar, sanki küçə dilənçisi kimi.... Bu məqamda bir məsələni qeyd etməsəm olmaz. 
Deməli, sabiq nazirlərdən birinin otelində qulluq edən tanış şəxs deyir ki, əcnəbi şəxs  səhər yeməyinə 2 yumurta və 5 qara, 5 yaşıl zeytun istədi. Sonra hesabı soruşanda 100 dollar dedik, əcnəbi qonağı elə bil ildırım vurdu... Tanışım deyir ki, qiyməti biz yox, müdir və nazir müəyyən edirdi. İndi gördünüzmü, söhbət TƏKCƏ  xidmətiçinin, ofisiantın dilənçiliyindən getmir ee... 
Yaxud şadlıq sarayında dostun-tanışın toy məclisinə gedirsən... İçəri daxil oalndan çıxana kimi fotoqraflar qırsaqqız olub yapışır ki, gəl şəkilini çəkim... Bunlar başa düşmür ki, lazım olsa özümüz dəvət edəcəyik, şəkil çəkdirmək üçün... Küçədəki dilənçi kimi adamın yaxasından əl çəkməmək nədir ki... Axı, sadaladığımız obyektlər insanlar üçün istirahət məkanıdır...İnsanlar bura kiminsə əlindən bezmək üçün gəlməyib... 
Yaxud  avtomobil dayanacaqlarında dayanan nəzarətçilər də eyni halı sərgiləyir... Adam bütün hallarda  az qalır ki, RƏDD OLUN...AYIBDIR...MİLLƏTİ BİABIR ETMƏYİN...demək istəyir. 
Vallahi kimin nə deməsindən asılı olmayaraq bu hərəkətlərin bircə adı var: MƏDƏNİ DİLƏNÇİLİK... Və biz də  bir cəmiyyət, millət olaraq  özümüzdə güc taparaq bütün bu hallara son qoymalı  və özümüzü dünyaya sivil millət kimi təsdiq etməliyik. Millət və dövlət olmağın başqa bir, alternativ yolu yoxdur. Bunu qulağımızda sırğa etməliyik, cənablar! Və hər yerdə, hər zaman bu tip məsələlərin təbliğ və təşviqini özümüzə yaşayışımızın tələbatı kimi sərgiləməliyik.
                                                                    Yeniekinçi.az