Rüşvət, korrupsiya, saxtakarlıq uşaq evlərinə də yol açıb... 
Peyğəmbər əfəndimiz  ( s.ə.s ) buyururdu ki, beşikdən məzara kimi öyrənin...
Bizdə isə nəinki beşikdən, heç körpələr evindən, uşaq bağçasından öyrənmək məsələsi  son illər ciddi problemə çevrilib. Məlumdur ki, körpələr evində, uşaq bağçalarında təlim görən uşaqlar məktəbə gedəndə ciddi çətinlik çəkmirlər. Bunun üçün  dövlətin hər cürə dəstəyi var. 

Amma... Əmması odur ki, birincisi, özəlləşdirmə zamanı bir çox məmurlar körpələr evini, uşaq bağçalarını öz qızlarının, həyat yoldaşlarının, gəlinlərinin adına özəlləşdirərək bu sahəni sözün həqiqi mənasında biznesə çevirdilər. Yəni hətta 3-4, 5-6 yaşlı uşaqları da biznes  subyektinə çeviriblər. 
Qısa məlumat üçün qeyd edək ki, sovet dövründə az qala ucqar kəndlərdə də bağçalar fəaliyyət göstərirdi. Bu gün isə ölkəmizdə 1800-ə yaxın uşaq bağçası var ki, bu da azlıq edir. Düzdür, son illər xeyli sayda körpələr evi, uşaq bağçaları istifadəyə verilib,  təmir olunub və s. Amma buna baxmayaraq hətta Bakı şəhərində uşaqların təxminən 20 faizi  bağçalara gedir. İndi siz  rayonları, kəndləri  təsəvvür edin. 
Digər tərəfdən, yuxarıda qeyd etdik ki, son illərdə yüzlərlə bağça özəlləşdirilib və həmin bağçalarda  1 aylıq qiymət 300 manatdan başlayıb, 1000 manata qədər davam edir. 
İndi özünüz deyin, bu qiymət hansı valideynin cibinə uyğundur..? 
Bütün dünyada məktəbəqədər  təhsil və tərbiyə önəmli məsələ hesab edilir. Ancaq bizdə bu məsləyə ciddi diqqət ayrılmır. 
Düzdür, Azərbaycan dövləti  bağçadakı hər uşağa  ayda təxminən 120 manat pul ayırır. Təəssüf ki, həmin pulu da bağça müdirələri basıb yeyirlər. Tez-tez mediada müəllimələrin, müdirələrin azyaşlıya qarşı aqressiv davranması ilə bağlı canlı videolara baxırıq, bu barədə mediada nə qədər yazılır. Amma ortada ciddi nəticə yoxdur. Bunlar anlamır ki,  millətin gələcəyi  körpələr evində, uşaq bağçalarında formalaşır, burada FİZİKİ və MƏNƏVİ cəhətdən sağlam nəsil yetişməlidir. Uşaq bağçada normal qidalana bilmirsə, evə ac qayıdıb  gəlirsə, hansı sağlam nəsildən danışmaq olar..? Eyni yeməkləri  bağçalardakı uşaqlara nə qədər zorla yedirtmək olar..? 
Bu uşaqların səhhətində ciddi problemlər yaradır. Unutmaq lazım deyil ki, uşaqlar valideynlərindən çox bağçalarda tərbiyəçilərin,  pedoqoqların  nəzarətində olurlar. 
Bəzi valideynlər hətta məcbur olub evdən bağçaya yemək aparırlar. İndi yaşlı olan bir tanışım deyir ki, uşaq olanda internat məktəbdə tərbiyəçi biz oğlan uşaqlarını çimizdirirdi, dırnaqlarımızı tuturdu, bizə doğma ana kimi şəfqətlə yanaşırdı. Yaxşı, dırnağın tutmursan, çimizdirmirsən, barı uşağa aqressiv yanaşma dəə...barı uşağın yeməyini basıb yemə də... Uşaq bağçalarına  ayrılan qidaların, ərzaq məhsullarının haralarda satılması ilə bağlı  dövrü mətbuatda nə qədər yazılar dərc olunub... 
Təsəvvür edirsiniz, uşaq bağçasının müdirəsi müəllim və tərbiyəçilərlə elə kobud, qaba hərəkət edir...və bunu körpələr, uşaqlar görürlər. Bu mühitdə hansı sağlam tərbiyədən danışmaq olar..? Uşaq bağçalarında digər problemlər də var. Məsələn, 15 nəfərlik qrupa 25-30 nəfər uşağı doldurublar. Bu da təbii olaraq müəllim, tərbiyəçi  üçün əlavə iş və əziyyət deməkdir. Belə olduqda vaxt darlığından pedaqoq uşaqlara yetərli qədər diqqət ayıra bilmir. 
Biz hələ uşaq bağçalarında olan  və gigiyenik tələblərə  cavab verməyən uşaq oyuncaqlarından danışmaq istəmirik. 
Ümumiyyətlə, uzun illər bağçalar Təhsil Nazirliyinin təbeçiliyində olub. Və 2012-ci ildə bağçalardakı keyfiyyətsiz qidalanmanı və digər cəhətləri nəzərə alaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. 
Bir il öncə isə  körpələr evi və uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Ancaq  etiraf etmək lazımdır ki, ciddi keyfiyyət dəyişikliyi baş vermədi. Hətta bu işin içərisində olanlar deyir ki, bağçalar Təhsil Nazirliyinə  qaytarılandan sonra  təchizat məsələsi  az qala sıfıra düşüb. 
Bütün bunlar azmış kimi, dayə və müəllimlərin bir çoxu “ölü canlar”  kimi “oformit” olunublar, dayələr çatmır, müəllimlər məcbur olub körpələrin “pampers”ni dəyişir. Direktor və müdirələr isə hər ayın axırında ciblərindəki maaş kartlarını mənimsəməklə məşğul olurlar. 
Yaxın zamanda bu bağça müdirlərinin adını adbaad, bağçaların nömrəsini  açıqlayacağıq.  
Yuxarıda qeyd etdik ki, körpələr evində və bağçalardakı qidalanmaya görə, bunların tabeçiliyi İcra hakimiyyətlərinə verilmişdi. Bəli, bağçalarda ən ciddi problem qidalanma məsələsidir. Valideynlər deyir ki, uşaqlar bağçalarda acından əsirlər. Axı, uşaqlar nə qədər mannı yeyər. Mannı da deyəndə 70 faizi sudur. Görəsən, bağçalarda mannıdan başqa qida yoxdur..? 
Ən gülməlisi, bəlkə də acınacaqlısı odur ki, tərbiyəçi tortla çay içir, körpələr də onun ağzına baxır… Allah belə təlim və tərbiyəni kəssin… Daha başqa sözümüz yoxdur.
P.S. Bir bağçada ki, 50 müəllimə, tərbiyəçi əvəzinə 13 adam işləyir onda kül olur həmin bağçanın rəhbərliyinin başına.