Birliyin direktoru Ədalət Həsənov vəzifəsindən uzaqlaşdırılmalıdır… 
Müasir dövləti  ədalətli məhkəmə sistemi olmadan təsəvvür etmək mümkün deyil. Cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında əbəs yerə demədi ki, bura “Ədalət sarayı” olmalıdır. 

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ciddi problemlər var. Hətta Milli Məclisin tribunasından deputatlardan biri “Məhkəmə-hüquq  sistemimiz fəlakətli vəziyyətdədir” demişdir. Bəli, məhkəmə-hüquq sistemimizin acınaqcaqlı durumu hər kəsə bəllidir. 
Məlumat üçün onu da qeyd edək ki, məhkəmənin ədalətli qərar qəbul etməsi üçün ilk öncə ölkədə ədalətli məhkəmə ekspertizası olmalıdır.  Bu aksilomadır. Bu olmadan ədalətli  məhkəmə qərarından danışmaq mənasızdır. Məhkəmədən öncə mütləq və mütləq ədalətli araşdırma və ekspertiza aparılmalıdır. Bunun üçün  ekspertin vicdanı, dürüstülüyü ilə bərabər  müasir kriminalistik-texniki avadanlıqlar olmalıdır. Bu sahə xüsusi bilik tələb edir. 
Yaxşı yadımdadır ki, illər öncə Gündəlik-Bakıya daxil olan bir ekspert materialı  bizdə heyrət doğurmuşdu. Belə ki, imzanın saxta, yoxsa  həqiqi olması ilə bağlı Ukraynada verilən 10 səhifəlik ekspert rəyinə baxanda məəttəl qaldıq. Nə qədər elmi əsaslandırma, nə qədər mükəmməl, savadlı rəy. 
Etiraf etməliyik ki, bizdə olsaydı  1-2 səhifə cızma-qara ilə necə gəldi rəy  verərdilər. Sözün qısası, məhkəmə-hüquq  sistemini ekspertizasız təsəvvür etmək  mümkün deyil. 
Çox təəssüf ki, Azərbaycanda  normal məhkəmə ekspertizasını təsəvvür  etmək belə düzgün sayılmaz. Bu gün az qala hər nazirliyin özünün ekspertiza mərkəzi var. Ədliyyə Nazirliyinin, Müdafiə Nazrliyinin və digər qurumların. 
Bizim bu yazının mövzusu isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyidir. Nəzərə almalıyıq ki, bütün məhkəmə araşdırmaları məhz Məhkəmə-Tibbi  Ekspertiza  və Patoloji Anatomiya Birliyinin rəyi əsasında aparılır. Uzun illər bu Birliyin direktoru vəzifəsində  Şakir Musayev adlı şəxs  olub. Baş prokurorun o zamankı müavini Rüstəm Usubovla quda olan Şakir Musayev Ekspertiza Birliyini sözün həqiqi mənasında  bazara çevirmişdi. 
Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, Elspertiza Birliyinin hüquq-mühafizə orqanlarından, prokurorluqdan qəti asılacağı yoxdur, müstəqil qurumdur. 
Ancaq buna baxmayaraq Ekspertiza Birliyi həmişə kimlərinsə sifarişi ilə  ekspert rəyi verib. Ad çəkmədən təkcə bir faktı qeyd edək. İri məmurlardan birinin, yaxud hansısa biznesmenin harın balası avtomobillə  qəza törədərək vətəndaşı vurub öldürür. O zamankı Şakir Musayevin rəhbərlik etdiyi birlik  ekspert rəyi verir ki, vətəndaş ürək tutmasından ölüb. 
Bütün bunlar  hamısı külli miqdarda marağın, mənfəətin hesabına baş verirdi. 
Sözün qısası, 2016-cı ildə  Şakir Musayevi  əməllərinə görə, vəzifədən azad etdilər. Və Allah qoymasa, Şakir Musayevin müavini, onun “biznes şəriki”  Ədalət Həsənov  Məhkəmə-Tibbi Ekspertiza  və Patoloji Anatomiya Birliyinə direktor təyin edildi. Bir soruşan olmadı ki, Ədalət Həsənov uzun illər Ekspertiza Birliyində  hansı əməllərə əl atmayıb... 
Əslində  Şakir  Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor müavini  Ədalət  Həsənov məsuliyyətə cəlb olunmalı idi. Amma direktor təyin olundu. 
Məlumat üçün onu da qeyd edək ki, Məhkəmə-Tibbi  Ekspertiza  və Patoloji Anatomiya Birliyinin hər rayonda şöbəsi və rəisi var. Biz cənab Ədalət Həsənovdan soruşuruq ki, Birliyinizin Beyləqan şöbəsinin rəisini vətəndaş niyə bıçaqlamışdı..? 
Rayon şöbələrinin rəislərindən hər ay nə qədər pul tələb olunur..? 
40 ilin həkimi, Azərbaycan Tibb Universitetinin dosenti, ixtiraçı alim, tanınmış həkim Zeyqəm Süleymanov  deyir ki, nəvəmin ölümü ilə bağlı  mən ədalətsiz Ədalət Həsənova heç nə başa sala bilmədim, indi görün yazıq sıravi vətəndaşların başına  bu adam hansı oyunları açır..? 
Sözün qısası, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə ən müxtəlif instansiyalara müraciətlər davam edir. 
Deməli, problemdən yeganə çıxış yolu, professor Ədalət Həsənovun vəzifəsindən uzaqlaşdırılmasıdır.
P.S. Bizdə olan məlumata görə, Ədalət Həsənov həbsdən yayınmaq üçün özünə müxtəlif kağız-kuğuzlar düzəldib və evinin ən etibarlı yerində gizlədərək deyib ki, məni həbs etsələr bu kağızları vəkilimə verərsiniz. Bu haqda sonra...