Rauf Əliyev kimilər həbs olunmasa, bu problemlər  həll olunan deyil... 

Telekanalların birində hüquqşünaslar MTK payçılarına hüquqları  barədə geniş məlumat verməlidir... Gözəl insan adı, yaxud yer adı, lap şirkət adı insanda gözəl duyğular oyadır. Vay o gündən ki, o gözəl adın arxasında pis, çirkin əməllər ola. Bax, onda adam az qalır ki, deyə, sənin adına... Adı Nərçə, amma özü  sərçə, yaxud adı Etibar, amma özü etibarsız  olan birini görəndə, deyirsən ki, sənə bu adı qoyanın lap.... Bu girişi nə üçün yazdıq..? 
İndi Bakının harasına  gedirsənsə, Şuşa, Qarabağ və s adı ilə o qədər kafelər, otellər faəliyyət göstərir ki... Əslində orada  başqa oyunlardan çıxırlar və adam deməyə söz də tapmır... Belələrinə demək lazımdır ki, get, “əxlaqsızlıq obyektinə”  yaxınlarının, doğmalarının  adını qoy, ayy.... 
Sözün qısası, belə adamlar hətta ən müqəddəs  adları da batırırlar. Belələrindən biri də “DərəçiçəK” MTK-nı yaradanlardır. Sözün gözəlliyinə, enerjisinə, doğmalığına fikir verin: Dərəçiçək. Bilməyənlər üçün qeyd edək ki, Dərəçiçək - İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində  yer adıdır. Orada yaşayan azərbaycanlılar doğma torpaqlarından deportasiya ediliblər, indi orada mənfur ermənilər yaşayır. Yəni bizim üçün kədərli, nisgilli, əlimiz çatmayan, ünümüz yetməyən  vətən torpağıdır. İndi görün  bu qədim mahalın adına Mənzil Tikinti Kooperativi yaradan Rauf Əliyev kimi fırıldaqçılar, o doğma adın arxasında hansı oyunlardan çıxmırlar.

Biz yuxarıda qeyd etdik ki, Dərəçiçəkdə xeyli vaxtdır  ancaq mənfur ermənilər yaşayır. Ermənilərin mənfurluğunu başa düşdük ee... Bəs Rauf Əliyev kimilərin fırıldaqçılığını hara yazaq..? 
O cür mahalın adını biabır edən Rauf Əliyev, hələ üstəlik vətəndaşlarımızın etibarından sui-istifadə edərək onlara yüz minlərlə ziyan vuraraq, onları neçə illərdir ki, problemə düçar ediblər. İndi özünüz deyin, mənfur erməni ilə, öz doğma soydaşlarına qənim kəsilən Rauf Əliyevin fərqi varmı..? 
Rauf Əliyevin toruna düşüb, pulu gedən, ev almaq istəyən, amma aldadılan  vətəndaşların sayı bir deyil, iki deyil...

Təsəvvür edirsiniz, mətbuata  müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək”  MTK-nın tikdiyi  binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə  80 min AZN pul köçürüb və bu sənədi Rauf Əliyev  imzası və  möhürü ilə təsdiq edib.  Söhbət 2009-cu ildə tikilməyə başlayan binadan gedir. Əlimizdə olan, möhür və imza ilə təsdiq olunan maliyyə arayışlarından bəlli olur ki, vətəndaşı cinayətkar şəbəkə aldadıb. Və  13 il gözləyəndən sonra axırda bəlli olub ki, Rauf Əliyev vətəndaşa məxsus mənzilləri başqa birinə satıb. Cənablar, Rauf Əliyev  satıb, bunu başa düşdük. Bəs Azərbaycan dövləti hara baxır..?
İcazə verin məlumat verək ki, müasir dünyada  VƏTƏNDAŞ-ın  DÖVLƏT qarşısında borcu var, lazım gələndə onu lap canı-qanı ilə qorumalıdır ( necə ki, 44 günlük savaşda qorudu),  DÖVLƏTİN də VƏTƏNDAŞ qarşısında öhdəliyi var, məsələn onun pozulmuş hüquqlarını qorumalıdır. İcazə verin soruşaq ki, Azərbaycan dövləti yüz minlərlə pulu gedən, canı gedən, əsəbləri pozulan, xəstəlik tapan və sonda mənzili  satılan vətəndaşların hüquqlarını niyə Rauf Əliyev kimilərdən qorumur..? Kimlər dayanıb  bu Rauf  Əliyevlərin arxasında..? 
Kimlərdir, neçə illərdir ki, bu cinayətkar MTK sahiblərinə qəyyumluq edənlər..? 
Bunları qarşısını  alan olacaqmı..? 
Vətəndaşlar polisə şikayət edir, prokurorluğa ərizə yazır, məhkəməyə müraciət edir, Prezident Administrasiyasına yazır... Vətəndaş daha hara müraciət eləsin..? 
Bəli, tam məsuliyyətlə deyə bilərik ki, Rauf Əliyev və onun müdafiə edənlər  dövlətimizi sarsıdır, vətəndaşların inamını məhv edir. Buna son qoyulmalıdır. Adam daşdan keçən rəsmi sənədlərə baxanda dəhşətə gəlir. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi  133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5  təxminən 700 manat. Yəni  1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m  170 manata başa gəlir.

İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı  93.5 kv.m sahəsi olan mənzili almaq üçün  65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktorunun verdiyi maliyyə arayışından  bəlli olur ki, payçı pulunu tam köçürüb. MTK rəhbərliyi mənizlləri başqa  birinə satıb indi isə  vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. 
Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil. Ötən yazımızda MTK payçılarının hüquqları barədə geniş məlumat verdiyimiz üçün yenidən təkrar yazmadıq.

Redaksiyadan: Yaxşı olar ki, telekanalların birində tanınmış hüquqşünaslar Mənzil-Tikinti Kooperativləri və onların payçılarının hüquqları barədə əhaliyə geniş məlumat versinlər.