“Leş Tofiq”i buraxdılar, indi də “Eşşək Tahir”i həbs elədilər.... - Yəqin ki, 1-2 aydan sonra “Eşşək Tahir”i də azadlığa buraxacaqlar....
26
dekabr

Bu gün oxuduğum “Uzunqulaq ətini dağkeçisi adı ilə satan “Eşşək Tahir” tutuldu” başlıqlı xəbər sözün tam mənasında məni sarsıtdı. Niyə..?
Öncə onu qeyd edim ki, yayılan rəsmi xəbərdən bəlli olur ki, Sabirabadda uzunqulaq əti satan şəxs tutulub. DİN-in Mətbuat xidməti xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla Tahir Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub. Qeyd edək ki, Tahir Məstəliyev bölgədə “Eşşək Tahir” adı ilə tanınır.
Deməli, bütün bölgə bu adamcığı “Eşşək Tahir” kimi tanıyırmış, yəni eşşək əti satan kimi. Bəs bu illər ərzində hüquq-mühafizə orqanları, prokurorluq, rayonun rəhbərliyi hara baxırmış...?
Deməli, “Eşşək Tahir” kiminsə “aylığını” verməyib və tutulub... İndi elə bilirsiniz, “Eşşək Tahir” layiq olduğu cəzanı çəkəcək..? Ay-hay... 1-2 aydan sonra “Eşşəyi” azadlığa buraxacaqlar.
Bəli, mən buna tam əminəm. Niyə..?
Yəqin çoxlarının yaxşı yadında olar, “Leş Tofiq”... Bəli, ölmüş heyvan cəmdəklərini yeməkxanalara, restoranlara satan “Leş Tofiq”dən söhbət gedir... İki il öncə onu hay-küylə həbs elədilər, hətta Milli Məclisdə deputatlar da bu barədə danışdı... Və ortaya xeyli suallar çıxdı:
1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib?
Söhbət 100 tonlardan gedir...
2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət, vəzifə sahiblərinin necə xəbəri olmaya bilərdi ? 3.Yüz tonlarla xəstə heyvan cəsədini, at-eşşək ətini "əritmək", realizə etmək illər uzunu necə mümkün olub ?
4. Axı, 100 tonları satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı. Bəli, “leş mafiyası” yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib.
Təsəvvür edirsiniz, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib. Təəssüf ki, bugünədək murdar, xəstə ət alan restoranların və sahibkarların adları açıqlanmayıb. Hətta bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya deyib ki, “Leş Tofiq”in ifşasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm: "20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Mən vaxtilə onların barəsində ölçü götürülməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmışdım. Lakin ölçü götürən olmamışdı.
Ən nəhayət, Daxili İşlər Nazirliyi çox mühüm bir əməliyyat keçirdi. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın? Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Əks təqdirdə yeni ”leş tofiqlər" yaranacaq".
Bəli, “Leş Tofiqi” 2 ay sonra azadlığa buraxdılar. Və ən dəhşətlisi odur ki, “Leş Tofiq”dən ölmüş heyvan cəmdəkləri alan kafelərin, restoranların adı cəmiyyətə bəlli olmadı. Və nəticədə “Leş Tofiq”in davamçıları olan “Eşşək Tahir”lər meydan sulamağa başladı. Mən tam əminəm ki, bir neçə aydan sonra “Eşşək Tahiri” də “Leş Tofiq” kimi azadlığa buraxacaqlar. Və LEŞ problemi hələ uzun illər davam edəcək....
OXŞAR XƏBƏRLƏR