Naxçıvanda nələr baş verir..? - XALQDAN QORXMURSUNUZ, BARI ALLAHDAN QORXUN...
26
dekabr

Ordubadda qırmızı balıq söhbəti…. ELƏ DƏHŞƏTLİ FAKTLAR AŞKARLANIR Kİ, ADAM VALLAH HEÇ BİLMİR NƏ FİKİRLƏŞSİN...
Sözün düzü, son bir neçə ayda Naxçıvan Muxtar Respublikasında baş verənlər, həbslər, 100 milyonlarla yeyintilər və s barədə oxuyanda adamı dəhşət bürüyür. Düzdür, baş verənləri hər kəs öz süzgəcindən keçirib şərh edir. Yəni baş verənlərin siyasi tərəfi məni maraqlandırmır. Məni daha çox...
Bəli, bir neçə gün öncə dürüstlüyünə, obyektivliyinə, qərəzsiz olmasına əmin olduğum bir dostum mənə xırda bir qeyd göndərdi. Oxuyanda adamın matı-mutu quruyur. Və düşünürsən ki, vallahi, heç orta əsrlərdə, sultanların, şahların, kralların dövründə belə ədalətsizlik olmayıb. Belə ki, məmləkətimizin gözəl guşələrindən biri olan Ordubad rayonunun ucqar dağ kəndlərinin birində çox mənzərəli bir göl var, adı da Göy Göldür. Yüz illərdir ki, o gölün yaxınlığından axan çayın dupduru sularında həm gözəl, həm də çox dadlı qırmızı balıqlar olur. Bəli, təəccüblənməyin, ordubadlılar bilir ki, bu balıqlar qıpqırmızıdır. Və yüz illərdir ki, yaxın və uzaq kəndlərin sakinləri həmin qırmızı balıqları tutub bişirib yeyirdilər. Amma... Əmması odur ki, bir neçə il əvvəl rəhbərliyin tapşırığı ilə bir nəfər də o gölə və çaya yaxın düşə bilmədi. Bəli, şahənşahın tapşırığı ilə ancaq və ancaq bu balıqlardan onun ailəsi və doğmaları yeyə bilərdi.
Sözün qısası, neçə ildir kənd sakinləri o qırmızı balıqlara həsrət qalmışdılar. Nəinki yemək, heç uzaqdan baxmaq da olmazdı. Son aylarda Naxçıvanda baş verənlərdən sonra camaatda xeyli ümid yaranıb ki, deyəsən qırmızı balıqlara sadə camaatın da əli çatacaq. Əlbəttə, rüşvət, korrupsiya, mənimsəmə halları dünyanın çox yerində var. Amma.... Bəli, bu məqamda cənab Prezidentimiz İlham Əliyevin çox maraqlı, həm də təsirli bir deyimi yada düşür. Prezident üzünü rüşvətxor və harınlamış məmurlara tutaraq deyir ki, YAXŞI, XALQDAN QORXMURSUNUZ, BARI ALLAHDAN QORXUN... Bəli, sən xalqdan qorxmaya bilərsən, amma Allahdan qorxmayan insan, bilirsiniz nə kimidir?
Özünüz gördünüzmü, qudurmuş məmur gölü, çayı, balıqları, dənizi, meşəni özününkü etməyə çalışır, hətta edir. Və imkan vermir ki, kasıb-kusubun balası da bunlardan istifadə eləsin. Amma vətən və torpaq uğrunda döyüşmək lazım olanda birinci kasıbın balası qabağa düşür. Bütün bunlara görə, Prezident yuxarıda dediyimiz məşhur çıxışında deyir ki, bəzi məsələləri mənə məruzə etmirlər, gizlədirlər: “Çünki sərf etmir o adamlara məruzə etmək".
Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür".
Təsəvvür edirsinizmi, Prezident özü deyir ki... ELƏ DƏHŞƏTLİ FAKTLAR AŞKARLANIR Kİ, ADAM VALLAH HEÇ BİLMİR NƏ FİKİRLƏŞSİN... Prezident deyir ki, bizə rüşvət və korrupsiyaya bulaşmış abadlıq və quruculuq lazım deyil. Prezident deyir ki, biz imkansız insanların dolanışığı və məşğuliyyəti üçün ictimai iş yerləri açmışıq, amma... Həmin vəsaitləri icra başçıları mənimsəyir, maaş kartları icra başçılarının cibindən çıxır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır.
Sonda, üzümüzü, cənab Prezidentimizə tutub deyirk ki, bu məmurlar nəinki sizin kasıblara ayırdığınız pulları, heç allahın balığını da kasıblara qıymırlar. Ancaq Allah da bunların başına yekə bir daş salır.
Yeri gəlmişkən, indicə Naxçıvandan yeni xəbər gəldi: Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlayıb. Dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb. Həə, atalar deyib ki, balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək.
OXŞAR XƏBƏRLƏR