Ötən əsrin 90-cı illərindəki  Bakının küçələrini yəqin hamı yaxşı xatırlayır. Şəhərin səkilərində, metro çıxışlarında, az qala asfaltın ortasında  insanlar küçə ticarəti ilə məşğul olurdular. Kimi qəzeti yerə sərib göy-göyərti satır, kimi metronun çıxışında siqaret satır, bir başqası corab satır, o biri tum satır...

Bir sözlə, dövlətin paytaxtı Bakı şəhərinin görünüşü dözülməz həddə çatmışdı. Düzdür, bunun obyektiv səbəbləri var idi. Yüz minlərlə qaçqın və məcburi köçkün Bakıya axıb gəlmişdi, yaşamaq üçün lap küçənin ortasında olsa da xırda ticarətlə məşğul olmağa, ailəsini güclə dolandırmağa məcbur idi. Digər tərəfdən  Bakıdakı sovetdən qalma zavod və fabriklər bağlanmışdı, hətta qaçqın olmayan Bakı sakinləri də xırda küçə ticarəti ilə məşğul olurdu. Bir sözlə, 90-cı illərin Bakısı yaddaşlarda belə qalıb. 
Həmin illərdə Bakının meri olan, mərhum Rəfael Allahverdiyevə  dövlət başçısı səviyyəsində dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə olmurdu. Nəhayət Prezident səviyyəsində bu məsələ o zamankı mer  Hacıbala Abutalıbova  tapşırıldı. Açıq etiraf etmək lazımdır ki,  Abutalıbov az qala küçə ticarətini buldozerə  verərək, şəhəri qaydaya sala bildi. Düzdür, bu proses xeyli insanı narazı saldı. Amma başqa çıxış yolu yox idi. 
Ümumiyyətlə, onu qeyd edək ki, küçə ticarəti dünyanın hər yerində var. Küçə ticarəti  xeyli sayda insanın məşğulluğu deməkdir. Küçə ticarəti vasitəsilə dövlətin büdcəsinə xeyli pul daxil olur. Və s. Yəni küçə ticarəti  qanuni şəkildə olmalı, sanitar-gigiyenik normalara əməl olunmalıdır. Yoxsa ərzaq məhsulunu  yerə düzüb satmaq biabırçılıqdır. Digər tərəfdən küçə ticarəti şəhərin ərazisində az qala “probka” yaradır, insanların hərəkəti çətinləşir. Bütün bunlara son qoymaq üçün  küçə ticarəti qanunlarla tənzimlənməlidir. Yoxsa kiminsə malını təpiklə dağıdıb, polisə aparmaq, daha sonra onu cərimələmək  və daha nələr. Bunlar çıxış yolu deyil. 
Yeri gəlmişkən, xeyli sayda küçə alverçisini  cərimələyirlər, özü də 80 manat. O pullar hara  gedir, kimlərin cibinə gedir..? 
Bir sözlə, küçə ticarətini qadağan etməklə, yaxud  obrazlı desək, “buldozerə”  verməklə problem həll olunmur. Ölkəmizdə  küçə  ticarətini tənzimləmək üçün bir sıra problemlərin həlli istiqamətində işlər görülməlidir. Məsələn, sözügedən ticarətçilərin səhiyyə sisteminə əlçatanlığı, sosial müdafiələri, təhlükəsizlikləri  və s. 
Təsəvvür edirsiniz, bir anlığa rayonlarımızda da küçə ticarətini ləğv  edək. Bilirsinizmi, ölkəyə turist  axını olanda turistlər iri marketlərə deyil, küçədəki alverçilərə yaxınlaşırlar. Yəni  küçə ticarəti  bizdə olan kimi  toz-torpaqlı, zığ-palçıqlı, antisanitar yerdə  deyil,  işıqlı, gigiyenik cəhətdən təmiz, səliqəli küçə ticarəti obyektlərində olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində o boyda Ticarət və Xidmət Departamenti var. 
Görəsən, o boyda Departament  niyə bircə dəfə də olsun küçə ticarəti ilə məşğul olmur, konkret təkliflər irəli sürmür. Bəlkə Hacıbala Abutalıbovu təqaüddən geri çağırıb küçə ticarəti ilə mübarizəni ona həvalə edək..? 
Bu gün doğrudan da gözəlləşən Bakı şəhərimizdə küçə ticarəti  son həddə çatıb. Adam özü xəcalət çəkir, vətəndaşlar metrolardan çıxa bilmir, alverçilərin əlindən. Bütün bu problemlərin üstünə “ 1 manatlıq”  taksiləri də gələndə şəhər əsl cəhənnəmi xatırladır. Metro  çıxışlarında xırda ticarətçilərlə taksi sürücülərinin səsindən insan dəhşətə gəlir. XXI əsrdə bu bir rəzalətdir. Ölkəmizə gələn turistlər, əcnəbi qonaqlar bunu görəndə nə fikirləşir...
Yeri gəlmişkən, Bakı ŞİH-nin nəzdindəki Ticarət və Xidmət Departamentinin adını çəkdik. Bəs görəsən yerli bələdiyyələr, rayon, qəsəbə, şəhər bələdiyyələri hara baxır..? 
Yeri gəlmişkən, apardığımız canlı müşahidə zamanı küçə ticarətinin Nəsimi rayonu ərazisində lap pik həddə çatdığını gördük. Küçə ticarəti Nəsimi rayonunu sanki xarabazara çevirir.
Görəsən, rayon rəhbərliyi niyə bu küçə alverçilərini  boş qalan bazarlara yönəltmir..? Bir sözlə, suallar çoxdur... Bəs, çıxış yolu..?
P.S. Allah ermənilərin nəslinə lənət etsin, ay Asif müəllim.