“Gündəlik Bakı”  olaraq cəmi 5 gün öncə yazdığımız “Dövlətə buynuz göstərən Emil Səməndərovun buynuzunu qırdılar...

İndi növbə “Dərəçiçək”  MTK-nın sahibi Rauf Əliyevindir”  başlıqlı  yazının sonunda qeyd etmişdik ki, ümid edirik ki, hüquq-mühafizə  orqanları yaxın zamanda “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevi də  həbs edəcək. Və bu saatlarda “Gündəlik Bakı”ya daxil olan məlumata görə, “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyev  hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. 
Xəbərə qısa  əlavə olaraq  onu qeyd edə bilərik ki,  “Dərəçiçək” MTK ilə bağlı  “Gündəlik Bakı”ya xeyli sayda vətəndaş müraciətləri daxil olmuşdur. Onlardan birini nümunə üçün qeyd edək. Ki, məsələyə aydınlıq gəlsin. Vətəndaş bizə müraciət edərək  Yasamal rayonu,  Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək”  MTK-a payçılarının başına açdığı oyunlardan şikayət edir. Şikayətçinin dediyindən bəlli olur ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və  bizə müraciət edən vətəndaş  həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq  98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru  Əhmədov.S.R  öz möhürü ilə təsdiq edib. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi  133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m  170 manata başa gəlir. Mənzil üçün MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb. Bəs yaxşı  13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..? Bəlli olur ki, MTK rəhbərliyi mənzilləri başqa  birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz  MTK rəhbərlərinə himayədarlıq edirlər. 
Sözün düzü, araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik.Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart”  deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər  təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək”  MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin  yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. 
Sözün qısası, biz  “Gündəlik Bakı” olaraq  vətəndaşların şikayəti əsasında “PROGRESS-2016” MTK-nın direktoru Emil Səməndərov və “Dərəçiçək”  MTK şirkətinin rəhbəri Rauf Əliyev  barəsində xeyli yazdıq. Nəhayət vətəndaşların başına olmazın oyunlarını açan  bu iki şəxs həbs olundu. Ümid edirik ki, digər  dələduz MTK rəhbərləri də yaxın zamanda layiq olduqları cəzanı alacaqlar. Sağ olsun hüquq-mühafizə orqanlarımız.