Üstündən 33 il keçməsinə baxmayaraq hələ də cəmiyyətimiz  20 Yanvarda baş verənlər  barədə yekdil fikrə gələ bilmir. Bəziləri düşünür ki, bu millətimizin faciəsi idi. Digərləri isə düşünür ki, bu qanlı olayı faciə, ağlaşma  kimi deyil, qəhrəmanlıq, imperiyaya qarşı savaş, dirəniş kimi qəbul etməliyik və müstəqilliyə gedən yol 20 Yanvardan başlayıb.  
Əlbəttə, hər iki yanaşmada həqiqət payı var və zaman-zaman yekdil fikrə gələcəyik. Ki, bu müstəqilliyə gedən yolun başlanğıcı idi. Digər bir vacib məsələni qeyd edək. Belə ki, 20 Yanvar faciəsi zamanı biz Azərbaycanda özümüz deyib, özümüz eşidirdik, səsimiz heç hara çatmırdı. “Ağla, qərənfil, ağla”  deməklə dünya  bizi eşitmirdi. Belə bir məqamda  Heydər Əliyev cənabları dünyanın informasiya mərkəzlərindən biri olan Moskvada böyük bir tədbir keçirərək Azərbaycan xalqına qarşı törədilən qanlı olayı dünyaya çatdırdı və üstəlik o zamankı Sovet rəhbrəliyini, konkret olaraq  M.S. Qorbaçovu ifşa elədi. Və bizim bir millət olaraq səsimizi  dünyaya çatdırdı. Hansı ki, o zaman Heydər Əliyev xüsusi nəzarət altında idi, onun həyatı üçün ciddi  təhlükə var idi. Buna baxmayaraq  Heydər Əliyev cəsarətlə  imperiyanın mərkəzində imperiyanı ifşa elədi və qoşunların Bakıdan çıxarılmasını qəti şəkildə  tələb etdi. 
İkinci məqama  nəzər salaq. 20 Yanvar 1990-cı ildən sonra Azərbaycanda  bir neçə dəfə hakimiyyət dəyişdi, kommunistlər getdi cəbhəçilər gəldi və s. Bəs, niyə  3 il müddətində 20 Yanvar faciəsinə SİAYSİ QİYMƏT verilmədi..? Yenə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra 20 Yanvar  faciəsinə siyasi qiymət verildi. Bu bizim tariximizdir. 
Bəli, 20 Yanvar faciə idi. Amma həm də qəhrəmanlıq  dastanı idi. Konkret olaraq onu deyə bilərik ki, faciənin səhəri günü  İnşaatçılar prospektində  KAMAZ şoferinin öldürülməsini  sakinlər bizə danışdı. Belə ki, KAMAZ şoferi heç nədən çəkinmədən KAMAZ-ı qarşıdan gələn tankların üzərinə sürmüşdü. Belə hallar 20 Yanvarda  xeyli olub. Əlbəttə, müstəqilliyə gedən yol məşəqqətli, faciəli yoldur. Və yaxşı olar ki, biz bir millət olaraq 20 Yanvar faciəsindən nəticə çıxaraq ki, belə hallar bir daha baş verməsin. 
Sonda  20 Yanvarla bağlı qısa bir tarixi məlumat verək. Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.
Bəli, unudulmaz 20 Yanvar faciəmizi Ulu Öndərimiz Heydər Əliyev xalqımıza arxalanaraq, bütün dünyaya çatdırdı. Cənab Prezidentimiz İlham Əliyev, 1-ci Vitse Prezidentimiz Mehriban Əliyeva yenə də xalqımıza arxalanaraq bu yolda yorulmadan haqq səsimizin dünyaya çatdırılması üçün mübarizə aparırlar. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!
Bəli, Azərbaycanımızın müstəqilliyinə ilk addımlarımız 20 Yanvar faciəsindən başlamışdır.