Biz “Gündəlik Bakı”  olaraq hələ  6 ay öncə,  06 avqust 2022-ci il  tarixli  sayımızda, “Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… Zaman-zaman Şirvanda narkotacirlərin həbsləri bütün ölkə mətbuatında tirajlanaraq, gündəmi zəbt edirdi. Həmin materialları dərc edən şəxslərdən biri də İqbal Mikayılov idi. Hal-hazırda Şirvan şəhərinin polis rəisi işləyən şəxsdən öncəki rəisin dövründə "öz işlərini" eninə-boyuna görürdülər. Həmin dövrdə Şirvan şəhərinə rəislik edən Hikmət müəllim də gözəl bilirdi ki, bunlar bir biznes şəbəkəsidir. 6 ay öncə Şirvanda narkoşəbəkəyə qarşı əməliyyat keçiriləndə biz bir media olaraq yazdıq ki…. narkotacirlərə qarşı polisin apardığı mübarizə bəzi DIRNAQARASI JURNALİSTLƏRİ  qıcıqlandırır.
Bu məsələləri buraxırıq zamanın ixtiyarına. İstintaq işlərinə MANE OLMAMAQ ÜÇÜN həmin şəxsin adını çəkmirik. 
Həə, indi mətləb üstünə gəlmək olar. Belə ki, 6 ay sonra, yəni bir neçə gün öncə Şirvandakı narkoşəbəkə ilə bağlı maraqlı məlumat yayıldı. 
Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub. DİN-in Mətbuat xidmətdən verilən məlumata görə, vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini İqbal Mikayılov olduğu müəyyən edilib. Aparılan ilkin istintaq zamanı İqbal Mikayılovun şəhər sakini olan bir vətəndaşa şərikli biznes quracağı barədə yalan vədlər verərək onun 44000 manat pulunu ələ keçirməsi, daha sonra isə pulu qaytarmamaq üçün həmin şəxsə hədə-qorxu gəlməsi müəyyən edilib. 
Bundan əlavə saxlanılan şəxs digər bir vətəndaşa qarşı da dələduzluq edərək, ona bəzi sənədlərin düzəlməsində köməkliklər göstərəcəyi barədə vədlər verməklə zərərçəkənin 10000 manat vəsaitini ələ keçirib. 
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Polis əməkdaşları İqbal Mikayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. 
Bəli, istisna etmir...Buna deyirlər oxu atıb yayı gizləmək. Biz isə bir media olaraq  6 ay öncə yazdığımız və istintaqa mane olmamaq üçün yuxarıda qeyd etdiyimiz məsələyə aydınlıq gətirmək istəyirik. Belə ki, özünü bloger-jurnalist kimi tanıdan, yerli Hüquq Mühafizə Orqanlarının  rəhbərlərini yuxarılara teleqram vurmaqla şantaj edən müxalifətin dəstəkləyicisi İqbal Mikayılov saxlanılıb. 
Onu da qeyd etmişdik ki, vaxtilə  keçmiş rəisin və onun müavini ilə çox yaxın münasibətdə olan, heç bir yerdə işləməyən İqbal Mikayılov dəbdəbəli həyat tərzi sürürmüş. Onu da qeyd etmişdik ki, dünən  gecə saatlarında Mikayılov İqbal Hüquq Mühafizə Orqanları tərəfindən saxlanılıb. İqbal Mikayılov saxlanılarkən üzərindən 500 qram narkotik maddə aşkarlanmışdır. İqbal Mikayılovla yanaşı onun sürücüsü kimi tanınan Samir adlı şəxs də tutularaq istintaqa təhvil verilib. Və sonda saxlanılan Şirvan şəhər sakini Mikayılov İqbal barəsində 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Özünü bloger-jurnalist, müxalifətçi kimi qələmə verən İqbal Mikayılov barəsində media üzərindən xırda bir araşdırma apardıq.
Təsəvvür edirsiniz, media orqanları sanki bu adamı görməzdən gəlirlər, hətta adını çəkməyə ehtiyat edirlər. Bəli, bu türk qardaşlarımız demiş bir çetedir, hətta bir ucu Vasif Talıbova qədər gedib çıxır. 
Görəsən, İqbal Mikayılov  heç bir yerdə işləməyə-işləməyə necə  dəbdəbəli həyat tərzi keçirir  və özünü Şirvanda söz sahibi kimi qələmə verir. Hələ özünü müxalifətçi, jurnalist və hətta axund kimi qələmə verir. Bəli, İqbal Mikayılov  kənd evləri massivi adlanan ərazidə yerləşən məscidin axundu kimi də tanınır. İqbal Mikayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Şəhər sakinləri bu əməliyyatlarda iştirakçı olan bütün polis işçilərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Amma... Əmması odur ki, İqbal Mikayılovun həbsindən sonra bir çoxlarının, o cümlədən keçmiş rəisin canına qorxu düşüb. İqbal Mikayılov xəbər göndərib ki, məni qurtarmasanız, hamınızı “baqaja”  qoyacam. Daxil olan məlumatda ehtimal edilir ki, “dostları” İqbal Mikayılovu ev dustaqlığına  buraxdırmaq istəyirmişlər və bu gün İqbal Mikayılov ev dustaqlığına buraxılıb. Baxın, müstəntiq sənədləri hazırlayır, prokuror razılıq verir, məhkəmə həbs edir, sonra isə İqbal Mikayılov qəflətən azadlığa buraxılır. Müstəntiq susur, prokuror susur, məhkəmə susur. Amma biz susmayacağıq. 
Bu məsələ ilə bağlı araşdırmamız davam edir, bu işlə bağlı yuxarı instansiyalara müraciət edəcəyik. Bizi izləyin.