Lenin iməclikdə fəhlələrlə birgə çiynində şam ağacı daşıyırdı, ay…… 
Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun  rayondan olan xanımları “iməcilik” adı altında məcburi əməyə cəlb etməsi xəbərini oxuyanda və tədbirdən çəkilən şəkillərə baxanda fikrim 50 il geri qayıtdı, məktəbdə keçirilən iməcliklər yada düşdü. 
Qısa məlumat üçün qeyd edək ki, rayonun rəhbəri İlqar Abbasov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələri təmizlətdirib. Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb. 
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür. Sözün qısası, İlqar Abbasov ali təhsili həkimlərə, anası yaşında qadınlara yol kənarındakı zibilləri təmizlətdirib, loru dildə desək “ot yoldurub”. Hələ tədbirdən göndərilən şəkillərə baxanda adam məəttəl qalır. İlqar Abbasov  ot yolan xanımlara elə baxır ki, adam bu baxışdan iyrənir... Görəsən, bu adam öz doğmalarına ot yoldura bilərdimi..? 
Şirvan şəhərində çalışan xanımlar redaksiyalara zəng edərək, İlqar Abbasovun bu əməlindən şikayət edirlər. Bəlkə də o ot yolan ali təhsilli xanımların biri İlqar Abbasovun yerinə icra başçısı olsaydı, vəziyyət daha da yaxşı olardı. Nə isə, indi də 50 il geriyə qayıdaq. 
Məlumdur ki, sovet dövründə də yaz aylarında iməcliklər keçirilirdi  və adını qoumuşdular Lenin iməcliyi. Dövlət səviyyəsində müxtəlif nazirlik və qurumlar tərəfindən mərkəzi küçələrdə, parklarda, meydançalarda iməciliklər keçirilirdi. İməciliklər zamanı abadlaşdırma və yaşıllaşdırma işləri aparılır, yeni ağaclar əkilirdi. Əksər hallarda dövlət rəsmiləri də bu cür tədbirlərdə iştirak edir, ağac əkir, yaşıllıqları  sulayırdılar. Yəqin yaşlı nəslin yaxşı yadında olar. İməcliklərlə bağlı şəkillərdə sovet rejiminin lideri Vladimir İliç Leninin fəhlələrlə  birgə çiynində ağır şam ağacını daşıdığı görünürdü. Yəni hətta dövlətin lideri fəhlələrlə birgə işləyirdi. Həmin iməcliklərdə təkcə qadınlar deyil, həm də ziyalılar, başqa vəzifəli şəxslər iştirak edirdi. 
Bu gün də həmin ənənə davam edir, dövlətin başçısı cənab İlham Əliyev, onun xanımı, Birinci Vitse Prezident Mehriban Əliyeva digər sadə insanlarla birgə ağac əkirlər. Amma Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iməclik iştirakçılarına bu cür münasibəti adamda ikrah hissi yaradır. Biz iməcliyin, ağac və yaşıllıqların salınmasının, şəhərimizin təmizlənməsinin qəti əleyhinə deyilik. Əksinə bu gözəl ənənəni davam etdirməyin, gənc nəsilə ötürməyin tərəfdarıyıq. Sadəcə, biz irca başçısının, yaxud hansısa məmurun insanlara qarşı belə münasibətini qəbul edə bilmirik. Əziz oxucular, İlqar Abbasov Leninlə, İlham Əliyevlə müqayisədə siz deyin kimdir, amma onun davranışı...problemdir. 
Cənab Prezident dəfələrlə lap sadə dildə bu məmurlara başa salıb ki, siz məmurlar, eyni zamanda mən özüm xalqın xidmətçiləriyik. Amma İlqar Abbasov kimi məmurlar düzəlmir ki, düzəlmir. Bunları ancaq Kürdəxanı düzəldə bilər, ya da Şüvəlan.
P.S. Deyirəm, Şirvan şəhərində küçələri tibb işçiləri və ya müəllimələr təmizliyəcəkdilərsə, onda kartları cibinizdə olan "Komuxoz"un işçiləri nə ilə məşğuldurlar?