Biz bir media olaraq təkcə tənqid etməyi deyil, həm də görülən müsbət işləri təqdir etməyi, cəmiyyətə çatdırmağı da bacarırıq. 
Üstəlik qeyd etdiyimiz  problemlərdən çıxış yollarını da imkanımız daxilində göstərməyə çalışırıq. Ümumiyyətlə, hər şeyi qaralamaq, hər şeyin üstündən qara  xətt çəkmək media  üçün normal hal deyil. 
Sözün qısası,  keçmiş sovet dönəmində ən keyfiyyətsiz  yollar, körpülər bizdə idi. Kimin buna zərrəcə şübhəsi varsa, yaşlı nəsildən soruşa bilər. Bizim yollarımız nəinki Rusiya, Baltika, hətta qonşu respublikalarla müqayisədə çox keyfiyyətsiz idi. Onların dağ kəndinə çəkidiyi yollar bizim şəhər yollarından üstün idi. 
Şükür ki, Ulu Öndərin əsasını qoyduğu və cənab İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasətin nəticəsi olaraq  bu gün yollarımız dünya standartına cavab verir. Son 30 ildə  yüz kilometrlərlə  yüksək keyfiyyətli yollar çəkilib. 
Bəli, kimlərsə bizim bu fikrimizə ağız büzə bilər. Bunu da başa düşürük. Yol tikintisində  ciddi problemlər olub. Bu barədə sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə yol verilən neqativ hallar barədə də dəfələrlə yazmışıq. Ancaq etiraf etməliyik ki, bu gün  erməni işğalından azad edilmiş ərazilərimizdə  çox sürətlə və keyfiyyətli yollar çəkilir, körpülər salınır. Son rəsmi məlumatların birində dünyada ən uzun tunellərdən birinin Gəncədən düz Kəlbəcərə kimi olduğu qeyd olunub. 
Təsəvvür edirsiniz 12 kilometr uzunluğunda yeraltı tunel. Bunları görməzdən gəlmək düzgün olmazdı. Unutmamalıyıq ki, yollar, körpülər, yeraltı  tunellər  strateji obyektlərdir. Və mütləq ciddi şəkildə qorunmalıdır. Çox dərin qatlara enmədən qeyd edək ki, sabiq nazirin dövründə körpülərin üzərində, yollaraarsında, yaşıllıqlar salınıb və mütəmadi bu yaşıllıqlar sulanır. Vaxtilə Bakının meri Hacıbala Abutalıbovun göstərişi ilə yol kənarındakı dirəklərə də dibçəklər qoyulmuş və güllər əkilmişdi. 
Biz hesab edirik ki, körpülərin üzərindəki yaşıllıqlar, qazon örtüyü təcili yığışdırılmalıdır. Çoxları düşünə bilər ki, həmin yaşıllığın suvarılması və s  səbəblər  körpülərdə qəza vəziyyəti yarada  bilər və s. Bəli bu məsələ də vacibdir. Amma ən vacib olan məsələ körpülərin təhlükəsizlik məsələsidir. Unutmamalıyıq ki, ətrafımızda mənfur, bədxah niyyətli qonşularımız var. Körpülər isə təkcə bu taydan o taya adlamaq üçün deyil, həm də.... 
Necə deyərlər, arifə bir işarə də yetər... 
Sözün qısası, körpülərlə bağlı sabiq nazir Ziya Məmmədovun səhvləri aradan qaldırılmalıdır.