Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC yeni tender əməliyyatı həyata keçirib. TİA.Az-ın verdiyi xəbərə görə, “Evm Group” MMC tenderin qalibi olub.
Məqsəd kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarında çadırın quraşdırılması, bir məntəqədən digər məntəqəyə daşınması, sökülməsi, mütəmadi kimyəvi təmizlənməsi, yuyulması, karkas-tent konstruksiyasının təmir və bərpa işlərinin satınalınmasıdır. Bu məqsədlə şirkətin balansında 750 75.56 manat köçürülüb.
Artıq KTN rəhbəri İnam Kərimov və onun nəzarətində olan ASC olmayan yarmarkaların təşkili, çadırların quraşdırılması adı ilə yeni maxinasiya əməliyyatları həyata keçirir.

Bu müsabiqədən də görmək olar ki, yarmarka demək olar yoxdur, amma çadır qurmaq, sökmək üçün 750 mindən yuxarı vəsait xərclənir.
Müqavilə imzalanan “EVM Group” MMC-nin külli miqdarda vergi borcu var. Hazırda isə “EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var.
Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir.
Büdcə pullarını indiki vəziyyətdə yenidən MMC-lərin, korrupsioner məmurların “yem”i olmasından xilas etmək zaman-zaman gündəmə gəlib, amma hələ ki mümkün olmur.
Yada salaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satması ilə gündəmə gəlmişdi.
Bundan başqa, ASC 138 738.5 manatlıq printer kartrici almışdı. Sual olunur ki, əgər ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alındığını öyrənmək imkanımız varmı…