Masallı rayonunun Qızılağac kənd sakini Kərim Kərimli qaz sayğaclarının vaxtında sıfırlanmadığını bildirir. Onun deməsinə görə, bu barədə nəzarətçilərə desə də, vaxtında sayğaca baxmayıblar.

DİA.AZ xəbər verir ki, K.Kərimlinin əlavə etməsinə görə, ötən ilin dekabrında "Azəriqaz" İstehsalat Birliyindən (İB) elan edilib ki, yanvarın 1-dən sayğacların şəkilini çəkib bu quruma göndərmək lazimdir: "Yanvarın 1-də sayğacın şəklini çəkib göndərmişəm. Kənddə məndən başqa adamlar da göndərib. Amma qaz işçiləri yanvarın 9-na bildiriş veriblər. Limit yerindədir, amma sayğac sıfırlanmayıb. Bildiriş gətirənlərə də bunu dedim. Dedilər, gəlib baxacaqlar, suallarınıza aydınlıq gətirəcəklər. Gəlmədilər".

O hesab edir ki, sayğaclar vaxtında sıfırlanmadığına görə maddi ziyana düşüb: "Yanvar ayında yandırılmış 174 kub qazı 25 qəpikdən hesablayıblar. Bu da 43 manat 50 qəpik edir. 12 qəpikdən olsaydı, 20 manat 88 qəpik edərdi".

Azərbaycanda qazın qiymətində limit var. 1200 kuba qədər 12 qəpikdən, 1200-dən 2500-ə qədər 20 qəpikdən, ondan çox sərfiyyat isə 25 qəpikdən hesablanır.

Adının çəkilməsini istəməyən bir rayon sakini də deyir ki, yanvarın ilk günlərində sayğacın şəkilini çəkib göndərib: "Mənə belə cavab gəldi: "Limitlə bağlı sayğac şəkillərinin qəbulu artıq dayandırılıb. Əməkdaşlarımız tərəfindən sayğac göstəricilərinin oxunması yerində həyata keçirilir". Amma indiyə kimi nə bildiriş veriblər, nə də gəlib baxıblar. Bilmirəm nə olacaq".

Lənkəran Regional Qaz istismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi İxtiyar Seyfullayev isə sayğacların vaxtında sıfırlandığını deyir: "Bildirişdə yanvar ayının 9-da yazıblarsa, artıq sayğac sıfırlanıb. Telefonla sıfırlanan sayğacların siyahısını atırlar bizə. Qalan sayğaclar ayın 10-na kimi sıfırlanıb. Bütün sayğaclar 365 gün tamam olandan sonra sıfırlanır. Ayın 10-dan sonra qazı 12 qəpikdən istifadə edirlər".