Son dövrlərdə vətəndaşların sığorta şirkətlərindən şikayətləri artıb. Siyəzən rayon sakini Etibar Qəniyev qəza nəticəsində zərərə uğrayan maşınına görə sığorta ödənişini 2 ilə yaxındır ala bilmir. Aylardı “Günay Sığorta”ya və dövlət qurumlarına ünvanladığı məktubların sayı artsa da nəticəsi olmur. FED.az xəbər verir ki, E.Qəniyev mülkiyyətində olan “QAZ 3110” markalı avtomobilin ötən il avqustin 26-da Siyəzən rayonunda qəzaya düşdüyünü deyib. Həmin vaxt polis və sığorta şirkətinin əməkdaşları hadisəni yerindəcə aktlaşdırıblar:

“90 ZQ 771 dövlət nömrə nişanlı “Mersedes” markalı maşın mənə məxsus olan “QAZ 3110” markalı (53BB901 nömrə nişanlı) avtomobili əzərək külli miqdarda ziyan vurub. Dövlət Yol Polisinin və “Günay Sığorta”nın nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış və müayinə keçirilib. Müvafiq sənədlər və fotoşəkilər çəkilib. Dəyən zərəri müəyyən etmək üçün avtomobilimə Siyəzəndə yerləşən maşın təmiri sexlərinin ustaları baxış keçirdilər. İlkin olaraq təxminən maşının təmir və bərpasına 3500-3900 manat arası xərc tələb olunduğunu dedilər. Ancaq sığorta şirkətinin əməkdaşları bölgə nümayəndəliyi ilə əlaqə saxlayıb təmir üçün ucuz təmir sexi tapmalarını tələb etdilər. 10 gün sonra mənə bildirdilər ki, maşını Qubaya gətir, biz təmir etdirəcəyik. Mən evakuatora 80 manat verib Qubaya apardım. Məni orada “Günay Sığorta”nın bölgə nümayəndələri Əmrulla və Əli qarşıladı. Maşını sexə təhvil verdim. Bundan 10 gün sonra məni sexə çağırıb dedilər ki, ehtiyat hissələr və detallar alınmalıdır. Mən yenə Əli və Əmrulla adlı şəxslərə müraciət etdim. Dedilər, sən al ver iş tezləşsin. Qurtarana yaxın tam zərər bilinsin. Şirkət pulu hesabına ödəyəcək. Qalan xərclərini də orada ödəyərsən”.

Lakin sonradan şirkətin əməkdaşları bu işdən boyun qaçırıblar. E.Qəniyev maşının təmir xərclərini özü borc alaraq ödəmək məcburiyyətində qalıb:

“Rəngləmə, dəmirçi işi bitdi, ustalar pul istəyir, lakin pul verən yoxdur. Bu arada bölgə müdiri Əmrulla işdən çıxdı. Əli isə “qəza komissarıyam, mənə aidiyyatı yoxdur” deyib kənara çəkildi. Məcbur oldum dəmirçinin, rəngsazın pulunu verib maşının qalan işlərini də Siyəzəndə gördürdüm. “Günay Sığorta”dan 03.11.2021-ci il tarixli məktubla mənə bildirdilər ki, maşının təmiri üçün mənə1800 manat pul ayrılıb. Mən buna etiraz etdim, şirkətin nümayəndələri, sədri ilə danışdım. Lakin heç bir nəticə olmadı”.

Ötən il dekabrın 30-da E.Qəniyev sığorta şirkətindən yeni məktub alıb. Ona Quba nümayəndəsi Əli Məmmədova müraciət edərək birlikdə müstəqil ekspert seçməsi bildirilib:

“Yenə də Qubada Əlinin yanında oldum, məktubu verdim. O, Bakı Ekspertiza Mərkəzini tövsiyə etdi. Mən də razılaşdım. Ekspert cəlb olunamsı üçün ərizə yazdım. 2022-ci il yanvarın sonlarında sənəd və materialları götürüb Bakı Ekspertiza Mərkəzinə getdim. Fevralın 2-də ekspertizanın rəyi mənə təqdim edilib. Sənəddə maşına dəyən zərər ümumilikdə 3967 manat müəyyən edilib”.

E.Qəniyev aldığı ekspert rəyini “Günay Sığorta”ya təqdim edib. Matın 18-də şirkətdən daxil olan növbəti məktubda isə onun yenidən Əli Məmmədovla birgə başqa ekspert seçməsi tövsiyə olunub. Bütün bu xərcləri isə özü ödəməli olub. Aylardır süründürülən vətəndaş “Günay Sığorta”nın yarıtmaq işindən Mərkəzi Banka şikayət edib. Lakin problemlə bağlı heç bir tədbir görülməyib. Mərkəzi Bankın baş direktoru Ziya Əliyevin imzası ilə göndərilən məktubda vətəndaşa qarşılaşdığı problemlə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunub. Bununla da qurum öz işini bitmiş sayıb:

“Sığorta fəaliyyəti haqqında” qanunun 16.2-ci maddəsinə əsasən, əmlakınıza dəymiş maddi zərərin müstəqil ekspert vasitəsilə sığortaçı tərəfindən yenidən qiymətləndirilməsi üçün “Günay Sığorta”ASC-yə müraciət etməyinizi tövsiyə olunur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, müstəqil ekspertin təyin olunmasına dair sizinlə sığortaçı arastnda razılıq əldə olunmadığı təqdirdə müraciətinizdə qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz”.

Məsələyə münasibət bildiriən sığorta eksperti İlkin İbrahimov bildirib ki, vətəndaşı narazı salan sığorta şirkətinin bu yanaşması qanuna ziddir. Qanunun tələbinə görə, əgər hər iki tərəf qarşılıqlı razılıq əsasında müstəqil ekspert seçibsə, onun rəyi ilə razılaşmalıdırlar. Ona görə də “Günay Sığorta”nın mövqeyi yanlışdır.