Bir neçə gün əvvəl, daha dəqiq desək, martın 5-də Yeni Azərbaycan Partiyası ( YAP )  VII qurultayını keçirdi. 
Bu qurultay mövzusuna  keçməzdən öncə tarixə bir ekskurs edək, görək YAP  hansı şəraitdə, necə  yarandı. 
Yaşlı nəsil bilir ki, YAP-ın yaranması cəmiyyətimiz üçün çox ağır, çətin dövrə təsadüf edirdi. 
1992-ci ilin noyabrın 21-də Naxçıvanda  91-lərin müraciəti əsasında  Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı ilə partiya fəaliyyətə başladı və tezliklə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdi. 
Həmin dövrdə yeni hakimiyyətə gəlmiş cəbhə hakimiyyəti  qısa bir müddətdə, cəmi bir neçə ay ərzində iflasa uğramışdı. Üstəlik Şuşa, Laçın kimi strateji rayonlarımız  ermənilər tərəfindən işğal olunmuşdu. Və ən dəhşətlisi odur ki, cəmiyyətdə sabaha inam, ümid  qalmamışdı. Yüz minlərlə qaçqın, məcburi köçkün ordusu, iqtisadi böhran, və s  az qala dövlətimizi məhvə aparırdı. 
Hakimiyyətdə olan AXC komandası isə heç bir ciddi addım ata bilmirdi. Gəncə olayından sonra  vətəndaş  müharibəsi təhlükəsi qalmışdı. Ölkədə infilyasiyanın dərəcəsi görünməz həddə çatmışdı. Çörək növbələri, adi təqaüdlərin verilməməsi, ordudakı uğursuzluqlar ...
Bütün bunlar azmış kimi ölkədə Etibarın dəstəsi, Rəhim Qazıyevin “şaykası”, Əlikram Hümbətovun “ordusu”, Surət Hüseynovun  “bandası”  ölkəni parçalanmaq həddinə çatdırmışdı. 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, YAP partiyası belə bir şəraitdə yaranıb. 
Yəni cəmiyyət  bu ümidsizlik  quyusundan xilas  olmaq üçün Heydər Əliyev şəxsiyyətinə  üz tutdu. Cəmiyyətin nüfuzlu, tanınmış şəxsləri  təşəbbüs göstərərək  Heydər Əliyevin rəhbərliyi ilə YAP-nı yaratdılar. 
Və  YAP iqtidarı Azərbaycan cəmiyyətini tədricən, addım-addım  böhrandan çıxarmağa nail oldu. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, YAP yarananda müxalifət partiyası kimi yaranmışdı. Amma müxalifətçiliyi də  radikallıqla etmirdi. 
YAP iqtidarı ilk olaraq  qanunsuz hərbi dəstələri zərərsizləşdirdi, bütün hərbi qüvvələr  vahid Azərbaycan Ordusunda birləşdirdi. Yəni Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu yarandı. 
Bax, bu çətin addım dövlətimizin əsasını qoydu. Sonra addım-addım iqtisadi islahatlara start verildi. Çörək qıtlığı aradan qaldırıldı, əmək haqları, pensiyalar vaxtında verildi, özəl şirkətlər yarandı və s. yəni cəmiyyət tədricən böhrandan çıxdı.  
Təssəvvür edirsiniz, 1 illik AXC hakimiyyəti bir qonşu dövlətlə normal münasibət qura bilmədi, əksinə region dövlətləri ilə, hətta qardaş Orta Asiya türk dövlətləri ilə də normal münasibət qurmağı bacarmadı. İranla az qala münaqişə həddinə çatdıq. 
Heydər  Əliyev başda olmaqla YAP iqtidarı çox çətinliklə bu problemlərin öhdəsindən gəldi. Nəinki qonşu ölkələrlə, hətta Rusiya kimi nəhəng ölkə ilə, Avropa dövlətləri ilə siyasi-diplomatik münasibətlər quruldu. Bütün bunların Baş Memarı cənab Heydər  Əliyev idi. 
Əsrin kontraktını  qeyd etməsək böyük səhv olar. 
Təsəvvür edirsiniz Azərbaycanın neft və qaz yataqları uğrunda az qala dünyanın yarısı mübarizə aparırdı. Bu maraqları və ən əsası Azərbaycan xalqının maraqlarını uzlaşdırmaq zərgər dəqiqliyi tələb edirdi. Ulu Öndər bu çətin problemin də öhdəsindən məharətlə gəldi. 
Yəni Azərbaycan qatarı artıq  qoşa relslər üzərində sürət götürməyə başladı. 
1992-ci ildə  keçirilən 1-ci təsis qurultayından təxminən 29-30 ilə yaxın vaxt keçir. Sonuncu qurultayadək, 6 qurultay keçirilib. 
Nə qədər acı olsa da qeyd etməliyik ki, keçirilən 6 qurultay zamanında Şuşa, Laçın, Qarabağ, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Kəlbəcər işğal altında idi, yəni biz məğlub ölkə idik. 
Sonuncu VII qurultay isə Azərbaycan tarixinə  ZƏFƏR QURULTAYI  kimi  düşəcək. 
Bu qurultayda  partiya daxilində  çox ciddi islahatlar baş verdi, gənclərə etimad göstərildi. 
Digər tərəfdən  vaxtilə YAP-a müxalif olan siyasi partiyalar YAP-a qoşuldular. Bu milli birliyin gözəl nümunəsidir. 
Digər  çox vacib məqam  1-ci vitse-prezident Mehriban xanım Əliyevanın YAP-da sədrin 1-ci müavin seçilməsidir. 
Bəli, Yeni Azərbaycan Partiyası  yeni nəfəs, yeni  SİMA ilə gələcəyə doğru irəliləyir.