Belarus müxalifətinin prezidentliyə vahid namizədi Svetlana Tixanovskaya ölkənin milli lideri olmağa hazır olduğunu söyləyib. Ovqat.com xəbər verir ki, Tixanovskaya bu bəyanatı xalqa video-müraciətində səsləndirib.
 
Xanım Tixanovskaya bir lider kimi bütün siyasi məhbusları azad etməyə, qanunvericilik bazasını möhkəmləndirməyə, ölkədə yeni prezident seçkilərinin təşkili üçün hər cür şərait yaratmağa hazır olduğunu qeyd edib.
 
"Hamımız 26 il əvvəl atıldığımız bu sonsuz dairədən çıxmaq istəyirik" deyən xanım Tixanovskaya, "Ölkənin stabilləşməsi və normal bir ritmə qayıtması üçün bu dövrdə milli lider kimi fəaliyyət göstərməyə hazıram", - deyib.
 
 
Svetlana Tikhanovskaya prezident seçkilərində Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya qarşı əsas rəqib idi. Mərkəzi Seçki Komissiyasının son məlumatlarına görə, Lukaşenko 80,1%, ilkin nəticələr elan edildikdən sonra Litvaya gedən xanım Tixanovskaya - 10,1% səs toplamışdı.
 
Dünən müxalifətin keçirdiyi mitinqdə 100 minlərlə insanın iştirakı “Batka”nın seçkiləri saxtalaşdırdığının ən bariz dəlili kimi tarixə düşdü.