Lənkəranda bir MMC-nin müddətli müqavilə oyunu
10-01-2021, 10:37
122

Lənkəranda bir MMC-nin müddətli müqavilə oyunu

"2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər planında Lənkəran rayonunun Haftoni qəsəbəsindəki 150 nəfərlik Lənkəran "İstisu" sanatoriyasının əsaslı təmiri əvvəlcə Lənkəran şəhər icra hakimiyyətinə tapşırılsa da, sonradan necə oldusa rüzgar tərsinə əsdi və podratçı firmalarla bağlanan müqavilələrdə sifarişçi tərəf qismində "Lenkeran Hotel and Resort Company" adlı bir MMC-nin adı peyda oldu. Müqavilələrdə obyektin adıçəkilən şirkətə məxsusluğu xüsusi vurğulanır.
Qeyd edək ki, 2015-ci ildə təsis edilmiş "Lenkeran Hotel and Resort Company" MMC "Paşa Holding" şirkətlər qrupunun törəmə müəssisələrindən biridir və yağışdan sonra göbələk kimi zühur edərək onun şinelinə sığınıb (başqa sözlə desək, onunla eyni ünvanda yerləşir). Bu şirkət - əgər ona şirkət demək olarsa – 2016-cı ildən bəri saxta sənədlər əsasında Lənkəranın "İstisu" sağlamlıq mərkəzinə sahib çıxaraq oranı zəbt edib və əvvəllər həmkarlar ittifaqına məxsus olduğu deyilən sanatoriyanın ərazisini elə hasara alıb ki, indi üzərindən quş quşluğu ilə səkə bilməz. Halbuki bir vaxtlar bura yerli sakinlər sərbəst şəkildə daxil olar, təkcə sanatoriyanın xidmətlərindən yox, həm də təbiətin bəxş etdiyi nemətlərdən yararlanardılar.
Yuxarıda qeyd edilən Tədbirlər planının icrasının Lənkəran şəhər İcra hakimiyyətindən alınaraq hansısa özəl struktura ötürülməsinin səbəbi barədə sorğularımıza verilən cavabda bildirilir ki, obyekt şəhər İH-nin balansında olmadığı üçün İH bu məsələdə informasiya sahibi deyildir. Ancaq bu cavablardan açıq-aydın görünür ki, şəhər İH yayındırıcı cümlələrlə bu məsələdə yaxasını kənara çəkir və uşaq başı aldadırmış kimi bizə aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir.
Halbuki İH-nin informasiya sahibi olmasını sübut edən kifayət qədər faktlar vardır: dövlət proqramı çərçivəsində "Lənkəran" (İstisu) sanatoriyasının əsaslı təmiri üçün büdcə vəsaitinin ayrılması; şəhər icra hakimiyyəti tərəfindən obyektin layihə-smeta sənədlərinin hazırlanması; bu məqsədlə 2005-ci ilin sentyabr ayında Prezident tərəfindən xüsusi sərəncamın imzalanması; sərəncamdan irəli gələn vəzifələrin həlli ilə bağlı Lənkəran şəhər icra başçısı yanında Şuranın iclasının keçirilməsi və s. Bütün bu tədbirlər sanatoriyanın dövlət əmlakı siyahısına daxil edilməsi zərurətini yaradırdı. Ona görə də obyekt özəlləşdirilərkən "Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 27 noyabr 1997-ci il tarixli 697 saylı sərəncamı və digər müvafiq qanunvericilik tələbləri gözlənilməli idi. Ancaq ƏMDK-nin məlumatına görə obyekt heç vaxt dövlət əmlakı olmayıb və Komitədə onunla bağlı hər hansı hərracın keçirilməsinə dair məlumat yoxdur. Başqa sözlə, obyektin satışa və ya hərraca çıxarılması, yaxud mülkiyyətə, icarəyə və ya müvəqqəti istifadəyə verilməsi xüsusunda kommersiya sirri təşkil etməyən heç bir rəsmi məlumat mənbəyi mövcud deyildir. Ona görə də cəmi iki yaşı olan MMC-nin sifarişçi qismində müxtəlif tikinti firmaları ilə milyonluq müqavilələr bağlaması faktı belə bir haqlı şübhəni doğurur ki, Dövlət Proqramı çərçivəsində tədbirin icrasına ayrılan vəsaitlər dolayı yollarla mənimsənilmiş, yaxud sözügedən MMC-nin hesabına köçürülmüşdür.
Praktikadan da məlumdur ki, hətta dünyanın bir sıra aparıcı ölkələrində belə törəmə şirkətlər adı altında oliqarx məmurlar müxtəlif vergi və rüsumlardan yayınmaq, kredit vəsaitlərini mənimsəmək, çirkli pulları yumaq və s. korrupsiya əməllərinə don geyindirmək məqsədilə adətən kağız üzərində mövcud olan bu cür "birdəfəlik istifadə" firmaları təsis edirlər. Heç şübhəsiz, "Lenkeran Hotel and Resort Company" MMC də belə məqsədlər üçün yaradılmış hüquqi şəxslərdəndir. Bu fikri belə bir fakt bir daha təsdiq edir ki, şirkətin nizamnamə kapitalı və təsisçisi (yaxud təsisçiləri) haqqında ictimaiyyətə açıq olan heç bir rəsmi bilgi yoxdur. Bu səbəbdən şirkətin fəaliyyətini CM-nin dələduzluq və yalançı sahibkarlıq maddələrinin birbaşa subyekti hesab etmək olar.
"Lənkəran" (İstisu) sanatoriyasının əsaslı təmirində məqsəd bölgədə turizmin inkişafı və yerli sakinlərin məşğulluq imkanlarının artırılmasıdır. Bu barədə Dövlət Proqramında açıqca qeyd olunub. Ancaq "Lenkeran Hotel and Resort Company" MMC-nin insan resurslarından istifadə siyasəti bu məqsədin əleyhinə yönəlib. Şirkət yerli sakinlərə münasibətdə yeni işə götürülənlərlə qısamüddətli müqavilələr bağlayır, yaxud onları belə müqavilələri imzalamağa məcbur edir. Mövcud qanunvericiliyə görə isə işçilərlə müddətli əmək müqavilələri yalnız o müəssisələr bağlaya bilər ki, orada görülən iş və ya göstərilən xidmət müvəqqəti, mövsümi xarakter daşısın. Sözügedən obyektdə isə daimi iş imkanları vardır və MMC-nin əsas fəaliyyət istiqaməti mehmanxana və turizm sektoru olduğundan burada mühafizə xidməti də daxil olmaqla ilboyu 24/7 formatında müştərilərə xidmətlər göstərilir. Buna görə də işçilərlə bağlanan əmək müqavilələri müddətli yox, daimi olmalıdır. Ancaq müqavilələr bağlanarkən, bir qayda olaraq, Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi tətbiq olunur ki, bu da işçinin müddətli müqavilə əsasında işə qəbul olunmağa razılığını nəzərdə tutur. Əmək müqaviləsinin müddəti bitdikdə isə yeni müqavilə bağlanılmaya bilər. Əslində belə bir bağlaşma işçiyə sərf eləməsə də, o (işçi) bu razılığı verməyə məcburdur, çünki yaxşı bilir ki, əks təqdirdə belə bir razılığı verməyə hazır olan onlarca insan qapıda növbə gözləyir. Beləliklə, ƏM-nin Maddə 68 "b" bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) işəgötürənə istənilən işçini mədəni surətdə işdən qovmaq, xüsusilə qadın əməkdaşlara qarşı seksual qısnama izlərini ört-basdır etmək imkanı verir.
Ümumiyyətlə, işçilərlə müddətli (məsələn, 6 aylıq) əmək müqavilələrinin bağlanmasında əsas məqsəd işçini təzyiq altında saxlamaqdır. Belə müqavilə sanki Domokl qılıncı kimi işçinin başı üzərindən asılı vəziyyətdə olur. Əgər yekun müddəada göstərildiyi kimi, müqavilə növbəti müddətə avtomatik olaraq uzadılmazsa, iş yerini itirmək qorxusu işçini daim narahat edir. Onun bu məsələdə nə müvafiq icra hakimiyyət orqanı, nə də həmkarlar ittifaqı təşkilatı qismində heç bir havadarı və ya müdafiəçisi olmadığı üçün o, daim səksəkəli və gözüqıpıq olur. Adətən, belə subordinasiya zənciri işçini tədricən işəgötürənin quluna çevirə, onda yaltaqlıq və qorxaqlıq kimi mənfi keyfiyyətlər formalaşdıra bilir. Bu isə insanların, xüsusilə gənc nəslin mənəvi tərbiyəsinə zərbədir.
Müddətli müqavilə ilə hətta bir neçə il qüsursuz işləyən, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almayan işçi belə müdiriyyətin qəzəbinə tuş gəldikdə müqavilə müddəti bitdikdən sonra işdən qovulmaqdan sığortalanmayıb.
Belə hiyləgər üsullarla işçilərin Konstitusiyada təsbit olunmuş əmək hüquqları pozulur və MMC-dən müvafiq icra hakimiyyəti orqanına edilən şikayətlərin heç bir xeyri olmur. Görünən odur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" mövcud qanunvericiliyə istinad edərək, əslində isə "Paşa Holdinq"-in adından çəkinərək nə Dövlət Əmək Müfəttişliyi, nə də məhkəmə və ya prokurorluq orqanları bu saxta MMC-yə diş batıra bilmir.
MMC-də çalışan işçilərin Konstitusiyada təsbit olunmuş əmək hüquqlarının pozulması həm də bununla izah olunur ki, burada işçilərlə işəgötürən arasında əmək münasibətlərini tənzimləyən, müddətli müqavilə oyunbazlığının qarşısını ala biləcək heç bir ictimai nəzarət orqanı və ya həmkarlar ittifaqı yoxdur. Bu səbəbdən işəgötürənlə işçilər arasında kollektiv müqavilələrin bağlanması praktikası tətbiq olunmur. Müqayisə üçün qeyd edək ki, hələ ötən əsrin əvvəllərində fəhlələrin əmək hüquqlarının müdafiəsinə qalxan həmkarlar ittifaqları məhz belə bir şəraitdə yaranmışdı. Məhz onların fəaliyyəti sayəsində artıq 20-30-cu illərdə bir sıra Qərbi Avropa ölkələrində sinfi sülh və ədalətli bölgü prinsiplərinin formalaşdırılması ideyasının gerçəkləşməsinə müəyyən dərəcədə nail olunmuşdu.
Amma indi biz bu münasibətlər modelini sözügedən MMC-nin oğru rəhbərləri ilə onun işçiləri arasında görə bilərikmi? Bunu necə görmək olar ki, şirkətin nizamnamə kapitalında heç olmasa halallıq üçün olsa belə sanatoriyanın keçmiş işçilərindən və ya onların hüquqi varislərindən heç kimin bir qara qəpiklik payı yoxdur?!
MMC-nin rəhbər vəzifəli şəxsləri haqsız yerə işdən çıxardıqları işçilərə "gedin kimə istəyirsiz şikayət edin" deməklə arxalı olduqlarına, yaxud heç kimdən qorxmadıqlarına işarə edirlər. Amma onlar iki şeyi unudurlar: əvvəla, arxalı köpəyi qurd basar. İkincisi, onlar nə qədər öz çirkin əməllərini hakim ailəyə yaxın insanların təmsil olunduğu nüfuzlu şirkətin kölgəsində gizlətməyə çalışsalar da, quyruqlarının çöldə qalmasından xəbərləri yoxdur. Bu dar təfəkkürlü insanlar dərk eləmirlər ki, əslində ölkə prezidentinin də, birinci xanımın da ali məqsəd və məramı insanları mümkün dərəcədə sosial qayğılardan azad etməkdir. Cənab prezident özü də bu yaxınlarda deyib ki, pandemiya dövründə tutarlı səbəb olmadan işçini işdən azad etmək olmaz. Amma sanki bu xəbərdarlıq "Lenkoran Hotel and Resort Company" MMC-nin rəhbər vəzifəli şəxslərinə aid deyil. Yerli sakinləri işə götürüb, qısa müddət sonra bayıra atmaq, çətinliklə özünə iş yeri tapmış kasıb insanlara qarşı bu cür çirkin münasibət sərgiləmək namərdlikdən başqa bir şey deyil. Bu məqamda istər-istəməz haqqında kommunistlərin uzun müddət söylədikləri "mənfur kapitalizm və onun eybəcər siması" ifadələri yada düşür. Mayası haramla yoğurulmuş şirkətdən bundan artıq nə gözləyəsən.

Alim Hüseynov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər

Müddətli müqavilə fırıldağı və ya "Lenkoran Hotel and Resort Company" MMC-nin rəhbərləri kimə arxayındır FOTOFAKT
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
Ermənistanda ümummilli tətil və itaətsizlik aksiyaları başladı
“Lənkəran yenidən turizm zonasına çevrilir” - MÜSAHİBƏ
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Lənkəranda dəhşətli qəza: Bir nəfər ölüb, dörd nəfər yaralanıb
Lənkəranda AĞIR QƏZA: Ölən və yaralı var
Lənkəran sakinindən narkotik götürüldü
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
Məhkəmə hakimi vəfat etdi
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Lənkəranda samovar qalamaq istəyən kişi özünü yandırdı
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Lənkəranda dövlət yol polisi yeni dərs ilinin başlanması ilə bağlı tədbirləri davam etdirir
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Məmur oğlu Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma
Hotellərdəki təmtəraqlı bayram təklifləri kimlər üçündür?