Bildiyimiz kimi, sentyabrın 20-də Prezidentin imzaladığı Fərmanla Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu isə o deməkdir ki, Bakı şəhərindəki körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bircəciyi belə Şəhər İcra Hakimiyyətinin tabeliyində qalmır, hamısı Təhsil Nazirliyinin tabeçiliyinə keçdi. Yeni Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının 2-ci hissəsi də qüvvədən salınıb ki, bu da ləğv olunmuş İdarənin 141 əməkdaşının işsiz qalması deməkdir. Yəqin ki, onların da çoxu məşğulluqlarını təmin etmək üçün Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “elçi daşı”nın üstündə əyləşəcəklər.
Budəfəki söhbətimiz də elə BŞTİ, daha doğrusu, bu İdarənin rəis müavini Xəyalə Əhmədzadə barəsindədir. Müavin kimi işə başlayan vaxtdan qolunu çırmalayıb paytaxt məktəblərinin direktorlarını sıxmaq yolu ilə onlardan aylıq rüşvət qoparmaqla məşğuldur. Məqsədinə nail olmaq üçün hər varianta əl atır ki, bu sıraya təhsil müəssisələri rəhbərlərini şərlətdirib işdən çıxarılması da daxildir. Bildirilir ki, son vaxtlar Xəyalə Əhmədzadə bağça müdirlərinə qənim kəsilib və onları təmsil etdiyi İdarənin korrupsiya siyasətinə boyun əyməyə vadar edir. Məlumatlarda qeyd olunur ki, Xəyalə Əhmədzadənin hərəkətləri, məktəbəqədər uşaq müəssisələri rəhbərləri ilə rəftarı sanki türmə nəzarətçilərinin davranışlarını xatırladır. Müavinin despotik hərəkətlərindən edilən şikayətlərin sırasında ən ilginci isə onun Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən iki uşaq bağçasında əsassız yoxlamalar təşkil etməklə onların müdirlərinin infarkt keçirib ölməsinə səbəb olmasındadır.
“İlana zəhəri kərtənkələ verir” deyiminin nə dərəcədə doğru olduğunu deyə bilmərik, amma Xəyalə Əhmədzadənin də “vur” deyəni, arxasında dayağı var. Bildirilir ki, Xəyalə xanımın qardaşı təhsil naziri Emin Əmrullayevin hazırki müşaviri, vaxtilə sinif yoldaşı və dostudur. Qeyd etmək yerinə düşər ki, Xəyalə Əhmədzadə məhz 2020-ci ilin iyul ayından nazir kimi fəaliyyət göstərən Emin Əmrullayevin əmri ilə 2021-ci il 2 mart tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. O vaxta qədər adı qalmaqallarda hallanan Xəyalə Əhmədzadədən hətta deputat Etibar Əliyev də gileylənib: “Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dostlarına arxalanaraq idarə içində idarə yaradıb. Xəyalə Əhmədzadə bu vəzifəyə təyin olunduqdan sonra məktəb direktorlarına və digər tabeçiliklərində olan digər qurumları”gözümçıxdya”salıb, belə ki, özünə yaxın məktəb direktorlarıdan və digərlərindən aylıq və hər bayramda 500 manat rüşvət tələb edir . Bağça monopoliyası da ona verilib. Əlbətdə ki, bunların hamısını o cənab E.Əmrullayevə arxalanaraq edir. ”.Əvvəllər qəpiyə güllə atan bu xanımın hal hazırdakı varidatının sayı hesabı yoxdur. Deyirlər ki, “kəsdiyi başa zaval yoxdur”
Təhsil eksperti Kamran Əsədov isə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki qohumbazlıq siyasətini “Facebook” hesabında sərt tənqid etmişdi: “Dostumun dostu, qohumumun qohumu, tanışımın tanışı?! Bakı Şəhəri üzrə Təhsil İdarəsində qohumluq, tanışlıq və dostluq zəminindəki təyinatlar barəsində ona görə təkrar danışmağa dəyməz… Xəyalə Əhmədzadə ailə münasibətləri zəminində nazirliyə tabe məktəbə direktor və bir müddət sonra Bakı kimi şəhərin təhsil idarəetmə orqanına müdir müavini gətirilib. Heç kim şübhə etmir ki, təyinat zamanı müsahibə mərhələsi mənzillərində həyata keçirilən bu şəxs tezliklə BŞTİ müdiri təyin ediləcək. Bu azmış kimi, onun təhsilə bağlılığı məlum olmayan qardaşı da artıq nazirin müşaviri postuna təyin edilib. O da heç kimə sirr deyil ki, nazirin müşaviri postu hərbiləşmiş qurumlardakı sərəncamda olmaq kimi bir şeydir. Yəni ya adamı yüksək vəzifəyə gətirmək üçün bir müddət müşavir saxlamaqla ona təhsil işçisi imici qayırırlar, ya da ki, adama heç bir vəzifə vermək istəməyəndə müşavir adlandırıb, adamı bu vəzifə ilə yola verirlər. Lakin bu təyinatlarda şübhəsiz ki, bu bacı-qardaşın daha yüksək vəzifələrə gətirilməsi hədəflənir”.