Şok: Bu məktəbdə biologiya fənnini fiziki tərbiyə müəllimi tədris edir
1-04-2021, 16:55
58

Şok: Bu məktəbdə biologiya fənnini fiziki tərbiyə müəllimi tədris edir

Çox hörmətli redaksiya əməkdaşları, əziz oxucular, Sizə Xaçmaz rayonunun təxminən 70-80 xanəlik balaca bir kəndi olan Xanlıqobadan, şəhid İlqar Məmmədov adına Xanlıqoba kənd ümumi orta məktəbindən danışmaq istəyirəm. Bəlkə də, sizlər heç zaman Xaçmazın Xanlıqoba adlı kəndi haqqında eşitməmisiniz. İstərdim ki, ilk öncə sizlərdə doğulub boya-başa çatdığım kənd haqqında kiçik təəsssürat yaradım. 
Xanlıqoba Xaçmaz rayonunun Çarxı inzibati ərazi vahidliyinə daxil olan, əhalisi əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşğul olan kiçik bir kənddir. Kəndimizin asfalt yolları, daimi təbii qazı, işığı vardır. İşıq sözünü sadəcə kənd evlərində parlayan elektik lanpalarındakı işıq anlamında işlətmədim. Xanlıqoba kəndində gələcəyə ümidlə baxan, dövlətimizə, dövlətçiliyimizə sadiq, elini, obasını, kəndinin hər daşını sevən, övladlarının gələcəyini elm, maarif işığında görən sadə, zəhmətkeş insanlar var. Bu kənd Qarabağ savaşında Şəhid vermiş, kəndin gəncləri II Qarabağ savaşında Müzəffər Azərbaycan ordusunda xidmət etmiş, Azərbaycanımızın göz bəbəyi olan Şuşaya qədər şanlı zəfər yolu keçmişdir. 
Sözlü-sazlı, duzlu-məzəli söhbətləri, bitib tükənməyən əhvalatları ilə zəngin olan Xanlıqoba kəndinin sakinləri, məktəbliləri şəhid İlqar Məmmədov adına Xanlıqoba kənd ümumi orta məktəbinin direktor Əlican Əliyevin əlində zəbun olubdur. Əlican müəllimin əhvalatlarından bir az sonra bəhs edəcəm, ilk öncə qeyd edim ki, Xaçmaz rayon şəhid İlqar Məmmədov adına Xanlıqoba kənd ümumi orta məktəbi 1967-ci ildə istifadəyə verilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin diqqət və qayğısı ilə Xanlıqoba kəndində yeni modul tipli məktəb tikilmiş, şagirdlərin istifadəsinə verilmişdir. Bir kənd sakini olaraq kəndimizə, Xanlıqoba kəndinin balaca sakinlərinə belə müasir, işıqlı otaqları olan məktəb tikdirdiyinə görə dövlətimizə, dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənablarına sonsuz minnətdarlıq və şükranlığımı bildirirəm. 
Əziz oxucular, ürək ağrısı və dərin təəssüf hissi ilə qeyd edim ki, Xanlıqoba sakinlərinin övladları yeni tikilən məktəbdə, o işıqlı otaqlarda cəhalət qaranlığında boğulurlar. Əminliklə, deyə bilərəm ki, Xanlıqoba məktəbini, Xanlıqoba sakinlərinin övladlarını bu cəhalət qaranlığına gömən 2000-ci ildən Xanlıqoba kənd ümumi orta məktəbinin direktoru işləmiş, 2020-ci ildən isə direktor əvəzi olan Əlican Qulu oğlu Əliyevdir. Əlican Əliyevin direktoru olduğu bu iyirmi il ərzində Xanlıqoba məktəbində bir çox neqativ hallar olmuşdur, mən onların az bir qismini yazıram.
Əlican Əliyevin 2000-ci ildə məktəb direktoru kimi fəaliyyətə başladığı zaman ilk işi həyat yoldaşı Şirinbacı Əliyevanı Xanlıqoba məktəbinə kitabxanaçı, oğlu Azər Əliyevi isə Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin etmək olmuşdur. Son illər isə yoldaşı Şirinbacı Əliyeva təqaüd stajına malik olduqdan sonra onun yerinə gəlini Səbinə Xanlar qızı Əliyevanı təyin etmişdir. 
Əlican Əliyevin “kadr islahatı” təkcə bununla bitməmişdir. Əlican Əliyev təxminən iki il öncə Xanlıqoba məktəbində xidmətçi vəzifəsində işləyən, iki azyaşlı uşaq anası, evində ağır qara ciyər serrozundan əziyyət çəkən həyat yoldaşı olan İsmayılova Səbinə Mansur qızını məcbur edirdi ki, işdən çıxsın. Əlican Əliyevin bu hədələrinin qarşısı yalnız İsmayılova Səbinənin mərhum həyat yoldaşı Rahib İsmayılovun Xaçmaz Rayon Prokurorluğuna şikayət ərizəsi ünvanlamasından sonra prokurorluq əməkdaşlarının müdaxiləsi ilə alındı.
19.05.2020 tarixndə Səbinə İsmayılovanın həyat yoldaşı Rahib İsmayılov qara ciyər serrozundan dünyasını dəyişmişdir. Bunu fürsət bilən Əlican Əliyev hal-hazırda məktəbdə xidmətçi vəzifəsində çalışan Səbinə İsmayılovanı alçaldıcı hərəkətlərlə təhqir edir, ondan intiqam alır.
Əlican Əliyevin direktor əvəzi kimi işçilər üzərində mənəvi terroru bununla bitmir. O, məktəbdə hal-hazırda ocaqçı vəzifəsində çalışan Şakir İsabala oğlu Hüseynova da eyni kobudluqla yanaşır, qırxdan artıq yaşı olan, təbiət etibari ilə sakit, maddi cəhətdən olduqca kasıb olan Şakir Hüseynovu hər gün müxtəlif bəhanələrlə təhqir edir, şəxsiyyətini alçaldır və deyir ki, ərizəni yaz, öz xoşunla işdən çıx. Lakin Əlican Əliyevin etdiyi qanunsuzluqlar bunlarla bitmir. Təsəvvür edin ki, Xanlıqoba kənd ümumi orta məktəbi “ölü canlar” məskənidir. 
Bu haqda aydın təsəvvür yaratmaq üçün bir kənd sakini olaraq Xanlıqoba kənd ümumi orta məktəbində çalışan pedaqoji və texniki heyət haqqında Sizlərə məlumat verim.
1.Əlican Əliyev 65+ yaş təqaüdçü, direktor əvəzi, ixtisasca ali təhsilli  riyaziyyat müəllimi, eyni zamanda riyaziyyat fənnini tədris edir.
2.İlyasova Zərnişan- ali təhsilli riyaziyyat müəllimi. Məktəbdə kimya, fizika fənlərini də tədris edir.
Təsəvvür edin ki, bir məktəbdə iki riyaziyyat müəllimi var, 5-9-cu siniflərdə riyaziyyat dərsləri keçirilir və məktəblilərin demək olar ki, əksəriyyəti vurma cədvəlini bilmir.
3. İsmailova Tahirə 65+ yaş, təqaüdçü, ali təhsilli rus dili müəllimi.O, eyni zamanda musiqi, bəzən tarix, bəzən coğrafiya, bəzən isə ingilis dili fənlərini tədris edir. 
Tahirə müəllim 5-ci sinifdən 9-cu sinifə qədər mənə rus dili fənnini tədris etmiş, dörd il ərzində dərs müddətində bircə kəlmə rus dilində söz işlətməmişdir. Tahirə müəllim bu gün də dərsdə rus dilindən istifadə etmir. Sual oluna bilər ki, bəs bu müəllim dərsdə nədən danışır?Cavab: Kənd həyatından!
4. Məmmədov Cəfər İmamverdi oğlu 65+yaş, kollec təhsilli fiziki tərbiyə müəllimi. Məktəbdə fiziki tərbiyə, texnologiya, biologiya fənlərini tədris edir.
5. Əliyev Ramin Əlican oğlu. Əlican Əliyevin oğlu. Ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi. Azərbaycan dili, ədəbiyyat və tarix fənlərini tədris edir. Maraqlıdır ki, Ramin müəllimin öz ixtisasına aid 29 saat dərs yükü var.  Ramin müəllim əlavə olaraq tarix dərsini də tədris edir. Ramin Əliyev müəllim olmasına baxmayaraq tüfeyli həyat sürür, axşamlar kənd cavanları ilə içki məclisləri qurur, gecə saatlarına qədər al şərabdan, rus arağından içir, səhər 08:30 da isə əlinə jurnal alıb sinifə girir. Bir müəllimin müəllimə yaraşmayan həyat tərzi vətəndaş olaraq, sıravi kənd sakini olaraq məndə ciddi suallar yaradır. Məsələn düşünürəm ki, adi bir vətəndaş gecə saatlarında sipirtli içki qəbul edərsə, səhər tezdən sükan arxasında oturduqda Dövlət Yol Polisinin əməkdaşı onun maşınını saxladıqda içkinin təsiri getmədiyinə görə həmin sürücünü haqlı olaraq cərimə edər və ya sürücülük hüququndan məhrum edər. Elə isə eyni hal müəllim üçün keçərli sayıla bilərmi? 
6. Qurbanova Yeganə Əlimurtuza qızı. Kollec təhsilli ibtidai sinif müəllimi.
7. Nuriyeva Aytən Mirzəbala qızı. Kollec təhsilli ibtidai sinif müəllimi.
Yuxarıda adlarını qeyd etdiyim müəllimlər kəndimizin sakinləridir. Müsbət və mənfi cəhətlərinə baxmayaraq adların qeyd etdiyimiz bu şəxslər məktəbə gəlir, ixtisaslarına uyğun olan və yaxud olmayan fənləri bərbad halda da olsa tədris edirlər. Lakin əsil müsibət məktəbdə adı olub, özü olmayan müəllimlərin və texniki işçilərin olmasındadır.
8. İsayeva Aynur Aydın qızı. Tarix-coğrafiya müəllimi. Bu müəllimi nə məktəblilər, nə də kənd sakinləri tanıyır.
9.Talıbova Günel Abbas qızı. Texnologiya müəllimi. Bu müəllimi nə şagirdlər, nə də kənd sakinləri tanıyır.
10. Əliyeva Sara Əmirbaxış qızı. İnformatika müəllimi. Bu müəllimi nə şagirdlər, nə də kənd sakinləri tanıyır.
11. Cabbarova Fidan Cavanşir qızı Fizika müəllimi. Bu müəllimi nə şagirdlər, nə də kənd sakinləri tanıyır. 
Çox güman ki,  bu müəllimlər direktor əvəzi Əlican Əliyeva maaş kartlarını bağışlayıb evlərinə dönmüş müəllimlərdir. Ola bilsin ki, bu müəllimlər arasında analıq məzuniyyətinə çıxmış olanlar da var. Lakin bununla belə direktor əvəzi Əlican Əliyev bu haqda Xaçmaz Rayon Təhsil Şöbəsinə məlumat verməli, məktəbə bu ixtisasları tədris edə biləcək ixtisaslı müəllimləri cəlb etməli idi. 
Məhz Əlican  Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində Xanlıqoba kəndində 9 il təhsil almış kənd cavanları hərbi xidmət dövründə komandirlərinin “Azərbaycanın paytaxtı hansı şəhərdir?” sualına “ Xaçmaz”-deyə cavab verirlər. Bu fəaliyyətin nəticəsidir ki, 5-6-7-8-9-cu sinif şagirdləri vurma cədvəlini bilmir, sadə riyazi hesablamaları apara bilmir, sait, samit tanımırlar.
Bütün bunlar hər bir kənd sakinində, o cümlədən məndə də müəyyən suallar yaradır. Əlican Əliyev nə üçün məktəbə adı olub özü olmayan müəllimlərin yerinə ixtisaslı müəllimlərin gəlməsinə şərait yaratmır? Nə üçün hər il Azərbaycanda Ali Pedaqoji ixtisaslara yiyələnən minlərlə gənc, savadlı kadrlar olduğu halda ingilis dili, fizika, kimiya, biologiya, musiqi v.s. fənlər üzrə vakansiya verilmir? Mən şəxsən Əlican Əliyevdən bu haqda soruşmuşam: Onun cavabı maraqlı idi, deyim, Siz də bilin: “Biologiyanı tədris edən Cəfər müəllim oğluna ev tikir, ona pul lazımdır”, Zərnişan müəllimin oğlu yeni evlənib, oğluna kömək edir” v.s. bu kimi “arqumentlər”.
Əlican Əliyev 40 illik pedaqoji staja malik vəzifəli şəxs kimi bilmirmi ki, biologiya, fizika, kimiya, musiqi, texnologiya, ingilis dili fənlərini tədris etmək hüququ yalnız həmin ixtisaslar üzrə 4 illik bakalavirat və ya 2 illik kollec təhsili alıb, MİQ imtahanından keçmiş ixtisasını yüksək səviyyədə bilən şəxslərə verilir?
Və yaxud o bilmirmi ki, kollec təhsilli müəllim biologiyanı, öz ixtisasını tədris edə bilməyən təqaüdçü rus dili müəllimi ingilis dilini, musiqini, şagirdlərinə vurma cədvəlini öyrədə bilməyən riyaziyyat müəllimi kimya fənnini tədris edə bilməz?
Nədir Əlican Əliyevi belə biabırçı, Dövlətimizin təhsil siyasətinə, qanunsuz əməllərə sövq etdirən? Əlican Əliyev bütün bunları Xaçmaz Rayon Təhsil Şöbəsinin xəbəri olmadanmı edibdir? Sonuncu suala əminliklə xeyr deyə bilərəm. Çünki, Xanlıqoba kəndində böyükdən kiçiyə hər kəs bilir ki, Əlican Əliyev bütün bunlara rayon təhsil şöbəsində müdir müavini işləyən Ağamirzə müəllimin ciddi dəstəyi ilə “nail olmuşdur”. Təsəvvür edin ki, pandemiya dövründə Xanlıqoba kəndində heç bir məktəbli virtual məktəbdən istifadə edib onlayın dərslərə qoşula bilmədi. Çünki, yuxarıda adlarını qeyd etdiyim 65+ yaşlarında olan müəllimlərin heç biri internet şəbəkəsindən istifadə edə bilmir. Çünki, məktəbdə Dövlətin internet resurslarından Əlican Əliyevin tələbə nəvəsi yararlanırdı. 
Əziz oxucular, bilirəm ki, sizlərə ünvanladığım bu sətrlərin həcmi böyükdür, qələm tükənir, Əlican Əliyevin 70-80 xanəlik Xanlıqoba kənd məktəbindəki dramatik hadisələri tükənmir. İndi isə gəlin sizləri məktəbin texniki heyəti ilə tanış edim.
12. Məmmədova Şəfiqə Baba qızı. Təqaüdçü, xidmətçi. Kənd sakini, fiziki tərbiyə müəllimi Məmmədov Cəfərin həyat yoldaşıdır.
13. İsmayılova Səbinə Mansur qızı. Xidmətçi, kənd sakinidir, yuxarıda haqqında bəhs etmişdim.
14. Məmmədov Elxan Baba oğlu. Gözətçi. Xaçmaz rayonu Engels küç. 27 ünvanında yaşayır, taksi sürücüsüdür. Heç bir vaxt Xanlıqoba kənd məktəbinə gəlməmişdir. Maaş kartı Əlican Əliyevdədir. 
15. Xanəhmədov Araz Oktay oğlu. Gözətçi. Xanlıqoba kəndində yaşamır. Heç vaxt Xanlıqoba kəndinə gəlməmişdir. Xanlıqoba kəndində onu tanıyan yoxdur, mən də kimliyini tanımıram. Maaş kartı Əlican Əliyevdədir.
16. Şakir İsabala oğlu Hüseynov yarım ştat ocaqçı. Xanlıqoba kənd sakinidir, olduqca yoxsul, bir xəstə oğlu ilə uçuq daxmada yaşayır. Hər gün Əlican Əliyevin təhdidləri, hədələri ilə işə gəlir.
Dəyərli oxucular, bu 5 səhifəlik dərdli cümlələri dərin kədər hissi və ürək ağrısı ilə yazıram. Əlican Əliyev mənim həmkəndlimdir və eyni zamanda müəllimim olmuşdur. Bununla belə düşünürəm ki, heç bir qüvvə qanundan, Dövlətimizin təhsil siyasətindən, körpə balalarımızn təhsil hüququndan üstün ola bilməz.
Qətiyyən şübhə etmirəm ki, oxucular arasında səlahiyyət sahibləri olacaq, izin verməyəcəklər ki, Xanlıqobalı şagirdlər yeni tikilən məktəbdə, o işıqlı otaqlarda qaranlıqda qalsın.
Bəhram Məmmədov
filologiya üzrə fəlsəfə doktoru
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /Yenisabah/

Oxşar xəbərlər

İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir
Saqiyan kəndinin adı dəyişdirildi - FƏRMAN
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Şuşa uğrunda şəhid olan müəllim - FOTO
Mərdan Camalov üçün sakinlərin dərdi dərd deyil... - GİLEY
“Şəhid, qazi ailələrinin qazı, işığı, suyu havayı olmalıdır” - Deputatdan TƏKLİF
Şərurun bu kəndi Sədərək rayonunun tabeliyinə verildi
Şərurun bu kəndi Sədərəyə verildi
Qax sakinləri nədən narazılıq edir? - Müraciət...
Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Şuşa uğrunda döyüşlərdə şəhid olan tarix müəllimi - FOTO
Xocavənd rayonunun işğalından 28 il ötür
Azad olunan daha iki kəndin adı DƏYİŞDİRİLDİ
Şəhid əsgərimiz dəfn olundu
Xaçmazda dönərxanada zəhərlənmə: 17 yaşlı gənc öldü
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Lerikdə təhsildən başqa hər şey var
Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Beyləqanda sahibkarlar dad deyir... - GİLEY
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Qazaxda şəhid dəfn olundu
Daha bir məktəb distant təhsilə keçdi
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü
Ağdamda minaya düşənlərdən ikisi Bakıya göndərilib
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
4 ördək məsələsi və ya Xacmazın bərbad yolları- FOTO
Ər-arvad dəm qazından zəhərlənib öldü